16/10/2014
F.Veysəlli
Amerikaya səfər qeydləri 1.Müstəqilliyimiz dünyaya qovuşmağımız deməkdir
2014-cü il avqustun 20-də ilk dəfə olaraq yolum düşdü Amerikaya. Nəvəm Nərgizin Nyu Yorkun Kalambia (Columbia yazılsa da tələffüzü belədir) universitetinə qəbul olunması münasibətilə gedirik ki, uşağı yerbəyer elədikdən sonra builki məzuniyyətin sonuna qədər okeanın o tayını ziyarət edək. Sözün düzü son zamanlar Bakının Binə aeroportuna gələndə xeyli sevinirəm. Doğrudan da, yeni terminalın istifadəyə verilməsi, hava limanındakı səliqə-sahman və qayda –qanun adamı valeh edir. Deməli, biz də Avropa standartlarına uyğun yaşaya bilərik . Sadəcə olaraq bəzi səlahiyyətli adamların, xüsusilə də bu sahədə xidmət edən məmurların tamahı imkan verməlidir.
Başlayaq, yoldan. Aeroport yolumuz çox yaxşıdır. Ancaq inanmaq olmur ki, bu yolda ciddi cədvəl üzrə işləyən ictimai nəqliyyatın təşkil olunmasına kimsə maneçilik törədir. Dünyanın hər yerində, istər keçmiş MDB ölkələrində, istərsə də Avropada (Londonda, Parisdə, Berlində və s.) şəhərin müxtəlif yerlərindən hava limanına nəqliyyat gecə-gündüz işləyir. Avtobus, trdolleybus, tramvay, dəmir yol nəqliyyatı, habelə metro hava limanının xidmətindədir. Əslində, bu, çox yaxşı gazanc gətirən və ölkənin büdcəsinə xeyir verən bir sahə kimi inkişaf etdirilməlidir. Təcili Binə hava limanına dəmir yolu xətti çəkilməli, metro xətti buraya qədər gəlməli, avtobus və troleybus isə buranın yaraşığı olmalı nəqliyyatına çevrilməlidir . Aeroportda işləyənlər, şəhərimizə gələn qonaqlar, sadəcə səfərə çıxan vətəndaşlarımız hava limanının nəqliyyatının nizamlanmasını çox arzulayırlar. İndi dövr dəyişib. Artıq insanlar saatlarla kassaların qabağında növbəyə durub qan-tər içərisində bilet almırlar. Yetər ki, evində çay içə-içə internetə girib sifariş verəsən və istənilən istiqamətə bilet alıb qeydiyyatdan keçəsən. Belə olan halda niyə şəhər nəqliyyatımız dövrün tələblərinə cavab verən səviyyədə olmasın? Niyə vətəndaşlarımız taksi xidmətlərindən istifadə etməlidirlər? İnfrastrukturdan söhbət düşəndə bir məsələni də xüsusi qeyd etməliyik. Hava limanının ərazisinə daxil olan maşın mütləq girişdə kart almalıdır. Bu , sözsüz, hər yerdə belədir. Ancaq hava limanına sərnişin gətirən maşın öz müştərisini düşürdüb geri qayıdırsa, niyə o bir saatın pulunu ödəməlidir? Nəsə ağlabatan deyildir. Başqa bir məsələ hava limanında terminalların qabağında sıra ilə ağacların əkilməməsi və yayın cırhacırında maşınların qızmar günəşin altında qalmasıdır. Düzdür, terminalların ətrafında yaşıllıq salınıb. Bu təqdirəlayiqdir. Ancaq maşın dayanacaqlarında sıra ilə ağacların əkilib becərilməsi aeroporta xüsusi gözəllik verərdi. Mən həmişə bizim müstəqillik illərində vətəndaşların dövlətə ciddi münasibətini yüksək qiymətləndirirəm. Azərbaycan bizimdir, biz onu hərtərəfli qorumalıyıq. Mənə heç cür çatmır ki, AZAL-ın kassasında işləyən və ya texniki xidmətə cavabdeh işçisi bilet satışında hansısa saxtakarlığa yol verir. Axı bu dövlət bizimdir. Hər satılan bilet dövlətin büdcəsinə gəlir gətirir. Bu qədər aydın bir məsələni başa düşməmək olarmı? Olmaz! Qəti olmaz! Bəs necə olur ki, dəfələrlə şahidi olmuşam, bilet satanlar ah-zar edirlər ki, filan tarixə yerlər satılıb qurtarıb. Ancaq təyyarəyə minəndə yerlərin çoxunun boş olduğunu görüb təəcüblənmişəm. Bu mənə pis təsir göstərir. Ona görə də bu barədə dəfələrlə qəzetlərdə yazmışam. Əvvəllər xaricə gedəndə dost-tanışa hədiyyə olaraq Xəzər kürüsündən aparırdıq. İndi isə buna ehtiyac qalmır, çünki bizdə balıq kürüsü xaricdən bahadır.
Müstəqilliyimiz əbədidir və dönməzdir. Ancaq bu yolda hamı bacardığını etməlidir. Ölkədə uzun müddətdir ki, valyuta bazarı stabitdir və manatın kursu, demək olar ki, xeyli vaxtdır dəyişməz qalır. Bunun üçün Respublikamızın aidi təşkilatlarına xüsusi təşəkkür düşür. Ancaq onun beynəlxalq aləmdə dönərliyini təmin etmək bizim Maliyyə Nazirliyinin diqqətindən kənarda qalmamalıdır. İnanın ki, adam xaricdə pulumuzun dönərliyini görməyəndə çox pərt olur. Xaricdə puldəyişmə məntəqəsinə yaxınlaşıb manatı dəyişdirmək istəsən naəlac qalıb kor-peşman geri qayıtmalısan, çünki valyutamız tanınmır və bunun üçün müvafiq dövlətlərarası razılaşma yoxdur. İndi şükr allaha, gəzməyə, işgüzar səfərlərə gedənlərimiz çox olur. Biz niyə bu məsələnin həllinə çalışmayaq. Bu mənə qaranlıq qalır. Hesab edirəm ki, bu məsələni həll etməyin vaxtı çoxdan çatıb. Bu, həm də dövlətimizin, kimliyimizin tanınması məsələsidir. Haqlı olaraq sual yaranır: niyə biz xaricə gedəndə başqa ölkələrin valyutasını özümüzlə aparmalıyıq?
İndi mən həyatımda ilk dəfə ABŞ-a səfərə çıxdığım zaman Binə hava limanında bu qeydləri bilgisayarımda yazanda düşünürdüm ki, doğrudan da, biz nə qədər inkişaf etmişik. Hava limanımız bu inkişafın əyani sübutudur. Ancaq hələ də görülməli işlərimiz çoxdur. Məsələn, səfərdən qayıdanda gömrük işçiləri adama yersiz ilişirlər. Deyirlər ki, şeylərinizi qoyun aparata yoxlayaq. Başa düşmək olmur ki, sərnişin göydə olarkən yükünə qeyri-qanuni nə əlavə edə bilər. Belə yoxlamalar bəzən xaricdə də olur.Ancaq kütləvi yox, kimdən şübhələnirlərsə və yola düşmə məntəqəsindən kiminsə haqqında hər hansı məlumat daxil olursa, həmin adamı sakitcə otağa dəvət edib yoxlamadan keçirirlər. Digər bir qanqaralıq hava limanında vəzifəli şəxslərin və ya xidməti vəzifəsini həyata keçirən adamların xüsusi çanfəşanlığıdır. Bəzən kiməsə yaxınlaşıb pasport yoxlamasında və ya yüklərin alınmasında vətəndaşların gözləri qabağında yaramaz hərəkətlər edirlər. Axı, indi asan xidmət var, bu yolla xidmətləri mədəni şəkildə təklif etmək olmazmı? Olar.Yüklə gözləmə zalına keçməyə peşmansan, o yaxınlaşır ki, taksi lazımdır, bu soruşur ki, hara gedirsiniz ? İctimai nəqliyyat olsa, belə xoşagəlməz hallar baş verməz. Xaricdə taksilər dayanır növbədə, onların xidmətindən istifadə etmək istəyənlər yaxınlaşıb sakitcə oturub gedirlər. Burada qaldırılan məsələləri də tezliklə həll etmək lazımdır. İnanın ki, müxtəlif ölkələrdə puldəyişmə məntəqələrinin qarşısında Azərbaycan manatının istənilən valyutaya dəyişilə bildiyini gördükdə qürurumuz yerə-göyə sığmaz. Bu qeydləri bir təklifimlə bitirib sonrakı qeydlərimə qədər düşüncələr aləminə qərq oluram. Fikirləşirəm ki, müstəqilliyimiz dünyaya qovuşmağımız deməkdir.
2.Hələlik Amerikaya London vasitəsilə gedirik
İndi mən , necə deyərlər, göyün yeddinci qatındayam. Oturmuşam, bilgisayar qarşımda, düşündüklərimi buraya köçürürəm.Özü də ilk dəfədir ki, qızım Vəfa ilə uçaqda yan-yana oturmuşam. O qıraqda da uşaqların anası Dilşad xanım oturub fikrə dalıb. Gör nə qədər irəlilədik ki, 10 min metr hündürlükdə uçaraq Azərbaycan ruhunu Londona, oradan da Amerikaya daşıyırıq. Amerikaya getməyin daha bir yolu İstanbuldan keçir. Amma biz Londonu seçdik. Bir vaxt var idi, amerikan yazıçıları T.Drayzeri, M.Ridi və başqalarını oxuyurduq , Amerikanı xəyallar aləmi kimi təsəvvür edirdik. Amerikan jurnalisti T.Qols Azərbaycanda mənim ilk tanıdığım amerikalı idi. O “Azərbaycan gündəliyi” adlı bir əsər yazmışdı, orada bizdən, xüsusilə o zamanlar prezidentin tərcüməçisi, mənim oğlum Vüqardan da xeyli yazıb. Sonralar biz Tomasla bir neçə dəfə görüşdük, hətta bir ara atasını da Amerikadan Bakıya gətirmişdi. Atası bizim evə qonaq gələndə Azərbaycandan ağzı dolusu danışırdı. Bir neçə il bundan öncə mərhum professorumuz Z.Ağayevin vasitəsilə Sietl şəhərində məzkunlaşmış həmyerlimiz Tariyel bəylə görüşüb tanış olmuşdum. Zeydulla bəy danışırdı ki, Amerikada tanış olduğu bir dilçi alim mənim “Fonetika və fonologiya problemləri” kitabımla tanış olub kitab haqqında çox yüksək fikir söyləmişdi. Sonralar Tariyel bəyin dəfələrlə Bakıya səfərləri zamanı onunla görüşüb söhbətləşdik, dostlaşdıq, indi də bu dostluq davam etməkdədir. Çox təəssüf ki, Tariyel bəy bu il Bakıya gələndə onunla görüşə bilmədik. Bilirəm ki, Tariyel bəy xalqımız üçün çox mühüm əhəmiyyətə malik kitab üzərində çalışır. Özü də o kitabı rus dilində çap etdirmək istəyir. Mənim köməyimlə Tariyel bəy Respublikamızın məşhur dilçi alimi prof. A.Həsənovla tanış oldu və uzun danışıqlardan sonra Atamoğlan müəllim Tariyel bəyin kitabını redaktə etməyə razılıq verdi. İnşallah, kitab bu günlərdə işıq üzü görər. Bilmirəm, mən bu səfərim zamanı Tariyel bəylə görüşə biləcəyəmmi? Çox istərdim. Ancaq mən Tariyel bəyə uğurlar arzulayıram, onun vətəndən uzaqlarda Vətənimizi layiqincə təmsil edəcəyinə həmişə əmin olmuşam və indi də əminəm.
Yol uzun və yorucudur. 5 saat yarım Londona, oradan isə Nyu Yorka 7 saat yarımlıq uçuşdur. Deyirlər ki, AZAL bu ilin sentyabrından Amerikaya birbaşa uçan reys açacaqdır. Deməli, Qafqazın ən möhtəşəm dövləti dünyanın ən qüdrətli ölkəsinə hava yolu ilə birbaşa əlaqə yaradacaqdır. Bu da bizi sevindirməyə bilməz.
Gecənin bir aləmində Londonda təyarədən düşdük, yükümüz-filan olmadığından (yükümüzü Bakıda birbaşa London-Amerika reysinə qeyd elətdirmişdik) pasport qeydiyyatından keçib metro ilə gecələcəyimiz yerə getdik. Londonda hava çox sərin idi. Bakının istisindən sonra burada 17 dərəcənin bizim üçün nə demək olduğunu anlamaq çətin olmaz yəqin. Rahat gecələdikdən sonra səhər tezdən metro ilə Londonun Hitrou hava limanının 5-ci terminalına gəldik. Mən bir dəfə London hava limanlarından “Bizim yol”da yazmışdım. Ona görə də bu möhtəşəm limanın üzərində çox dayanmaq istəmirəm. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, reysimizə minik başlayana qədər 5-ci terminalın böyük gözləmə zalında pulsuz hər cür yeməklər, qəzet və jurnallar sərnişinlərin ixtiyarındadır. Oxuyan oxuyur, oxuyub çatdıra bilməyən qəzet və jurnalı büküb qoyur sumkasına təyyarədə oxumaq üçün. O saat fikrimdən keçir ki, bəz bizim aeroportda niyə qəzet və jurnal satılmır və ya sərnişinlərə təklif olunmur? Bəlkə alan və ya oxuyan yoxdur? Xeyir, sadəcə olaraq bu xidmət bizimkilərin ağlına gəlmir, çünki az gəlirlidir. Ancaq xalqın maariflənməsi üçün bu cür üsullara əl atmaq lazımdır. Ümumiyyətlə, İngiltərənin, o cümlədən də Avropanın bizdən fərqli olaraq bir mütaliə mədəniyyəti var. Hər kəs əlində kitab oxuyur. Səhər tezdən metronun stansiyalarına girişdə iş günləri 40-60 səhifədən ibarət “Metro” adlı qəzet pulsuz sərnişinlərin istifadəsinə verilir. Bu qəzetdə ölkə, bölgə, dünya xəbərləri, habelə nəqliyyatda yeniliklər, idman, hava və s. məlumatlar çap olunur. Səhər tezdən metro qatarlarında hamı bu qəzeti oxuyur, düşəndə isə onu yaxındakı zibil qabına atıb gedirlər. Fikirləşirsən ki, milləti maarifləndirməyin nə gözəl yolunu tapıblar. Bizdə ola bilməzmi? Bilər və olmalıdır. Bizim metro vaqonlarında isə əksər hallarda telefonla oynayırlar. Fikrimizcə, Bakı şəhər Metropoliten idarəsi bu barədə düşünsə yaxşı olar. Hər halda bu qədər böyük bir istehsalat sahəsinin belə bir xeyirxah işə başlaması cəmiyyətdə böyük rəğbətlə qarşılanar.
3.Amerikaya səfərimiz baş tutur
Reysimizin vaxtı çatır. Yoxlamadan keçib uçuş zalına giririk. Bir azdan bizi uçağa minməyə dəvət edirlər. Bir neçə dəqiqədən sonra artıq yerlərimizdə oturub kəmərləri bağlayırıq və ikimərtəbəli Boinq təyarəsi 7 saatlıq uçuş üçün havaya qalxır. Bu təyyarələr, kosmik gəmilər, həqiqətən, insan zəkasının təntənəsidir. Saatlarla 10 min metr hündürlükdə saatda min kilometr sürətlə fasiləsiz uçmaq, bu zaman əylənmək, kinoya baxmaq, dadlı yemək yemək, bunların hamısı üçün şəraitin yaradılmasını fikirləşən konstruktorların və bu işləri həyata keçirən şirkətlərin insan üçün nələr etdiyinin fərqinə varmaq və bütün bunların nə demək olduğunu başa düşmək lazımdır. Biz uçağa minəndə Bakı ilə London arasında fərq 4, Nyu Yorka çatanda isə bu fərq 9 saat təşkil edir.
Biz Nyu Yorkun J.Kennedi hava limanında yerə enəndə günorta saat iki, Bakıda isə axşam saat 11 idi. Pasport qeydiyyatından keçəndə Amerika sərhəd xidmətinin əslən misirli məmuru bizi xeyli sorğu-sual etdi, Azərbaycanın harada olduğunu soruşdu, hərdən çaşdırıcı suallar da verdi. Lakin bütövlükdə mehriban görünən bu xanım pasportlarımıza möhür vurub bizi ölkəyə buraxdı.Yüklərimizi götürəndə məlum oldu ki, çemodanımızın biri yoxdur. Tez yük xidmətinə müraciət etdik. Bizi əmin elədilər ki, yük itməyib, sadəcə olaraq Bakı-London reysindən London-Nyu York reysinə ötürmə zamanı dolaşıqlıq düşüb. Dedilər, gedin, tezliklə çemodanınızı gətirib qaldığınız yerdə Sizə təhvil verəcəklər. Həqiqətən də iki gündən sonra növbəti reyslə çemodanımız gəlib çıxdı. Səhər tezdən çox böyük üzrxahlıqla çemodanımızı gətirib təhvil verdilər. Düzü, bir qədər ovqatımız tərx olmuşdu, ancaq əminliklə bildirdilər ki, narahat olmağa dəyməz. Biz də inanıb şəhərə çıxdıq. Taksi dayanacağında Amerikaya xas sarı rəngli taksilər sıra ilə düzülüb sərnişin gözləyirdilər. Biz dayanacağa yaxınlaşanda boynundan taksi xidmətini nizamladığını bildirən lövhəcik asmış bir gənc qadın soruşdu ki, hansı istiqamətə gedəcəksiniz. Cavab verdik ki, 7 –ci avenüdəki 46-cı küçədə yerləşən W mehmanxanasına gedəcəyik. Sürücü tez düşüb bizim yüklərimizi maşına mindirdi. Yol boyu təmir işləri nəqliyyatın sürətinin aşağı olmasını şərtləndirir. Şəhərə gedərkən uzun tuneldən keçdik və şəhərin yolu üstündə quraşdırılmış avtomat qapılardan bilet götürüb şəhərə daxil olmaq olar. Ancaq taksini görən qurğunun dirəyi yuxarı qalxdı və biz biletsiz şəhərə daxil olduq.Sürücü təəccübümü görüb izah elədi ki, taksi xidməti şirkəti şəhər merilə müqavilə imzalayıb ki, taksilər bu rüsumdan azad olsunlar. Diqqətimi çəkən şeylərdən biri də ondan ibarət oldu ki, işıqforun hərəkəti qadağan işarəsi qırmızı əli şəklindədir, yolu keçmək üçün işarə isə ağ fonda adam şəklidir. 4.Amerika təzadlar ölkəsidir
Mən ilk dəfə olaraq Amerika torpağında taksidə oturub mehmanxanaya gedirdim. Burada isə 57 mərtəbəli mehmanxananın 56-cı mərtəbəsində qalacağımızı eşidəndə xeyli həyəcan keçrdim. Hələ indiyə qədər mən Berlində, Vyanada, Londonda və başqa yerlərdə bu qədər yüksəklikdə gecələməmişəm. Liftə oturub yuxarı qalxanda sürət o qədər yüksək idi ki, elə bil təzədən təyyarəyə minmişdim. Taksilə aeroportdan mehmanxanaya gələndə ilk diqqətimi cəlb edən N.Yorkda da Bakıdakı kimi avtomobil bumunun olması idi. Taksi kimi işləyən maşınların çoxu “Ford” və “Toyota” markalı avtomobillərdir. Burada Avropadakı səliqə-sahman gözə dəymirdi, yollar nahamardır, sürücülər tez-tez siqnal verirlər, şəhərdə həddən artıq yol tikintisi gedir. Günün günorta çağı olmasına baxmayaraq tıxac böyük idi. Şəhər aeroportdan çox uzaqda yerləşir. Nəqliyyat burada Londondakı kimi təşkil olunmayıb.Hər halda ilk baxışdan məndə belə bir təəssürat yarandı. Təyyarədə ikən ABŞ, o cümlədən Nyu York haqqında bəzi informasiyaları beynimdən keçirtdim. İndi onlarla, əzəz oxucularım,sizi tanış etmək istərdim. New York şəhəri (New York City) ABŞ-ın Şərqində yerləşən, 2013-cü ildə 8,4 milyon əhalisi olan, ABŞ-da ən sıx əhalili şəhərdir. N.York ştatının 18,9 mil.əhalisi var. Bura dünyanın ticarət, diplomatiya (BMT-nin, Metropolitan Museyinin iqamətgahı burada yerləşir) və mədəniyyət mərkəzidir. N.Yorkun Harlem və Şərq (East River) çayları sahillərində çoxlu liman var. Bu şəhərdə 12 avenü var ki, onlar şəhəri cənubdan şimala düppədüz bölür. 1-ci -yeddinci avenü qərbi, o biriləri isə şərqi göstərir. 7-ci avenüdən sonra ortada enli, həmişə qələbəlik olan Brodvey yerləşir. Bu xiyaban N.Yorkun ürəyidir. Görüşlər, əyləncələr, xalq səhnəcikləri və s. bu xiyabanda olur. Avenüləri rəqəmlə bildirən küçələr köndələninə kəsir. Şəhərin mərkəzində böyük ərazisi olan, şəhər sakinlərinin və qonaqların dincəlməsi və istirahəti üçün hər cür şəraitilə fərqlənən böyük istirahət parkı yerləşir. Onun əsası 1857-ci ildə qoyulub, ərazisi çox böyükdür, 1873-cü ildən indiki şəklini almışdır. Parkın yuxarısında qərbdə 190.000 km2 ərazisi olan, əsası 1870-ci ildə qoyulan, ancaq 1872-ci ilin 20 fevralında açılışı olan, ABŞ-da ən böyük, dünyada isə 10 ən böyük muzeylərdən biri -Metropolitan Muzeyi (qısaca olaraq Met) yerləşir. Muzeyin iki milyon eksponenti və 17 departamenti var. Muzey əvvəlcə 5-ci avenüdə yerləşib. Muzeyə giriş simvolik olaraq 2 dollardır, ancaq imkanı olan hər kəs 35 dollara qədər pul verib bilet ala bilər. Biz iki dollara bilet alıb keçirik bu möhtəşəm incəsənət məbədgahına. Maraqlıdır ki, içəri girəndə mühafizə polisi bilgisayarımı açdırdı, baterayası dolu olduğunu görüb dedi ki, buyurun keçə bilərsiniz. Muzeydə Qədim Misir, Avropa sənətkarlarının əsərləri ən çox sevilən eksponatlardır. Eyni zamanda burada Afrika, Asiya, Bizans, İslam mədəniyyəti ilə bağlı daha nələr yoxdur?! Biz baxa-baxa gəlib çatırıq Yaxın Şərq bölməsinə, qədim və orta əsrlər mədəniyyətimizin nümunələrinə yorulmadan tamaşa edirik. Səfəvilər dövrünə aid və Qubadan 200 il əvvəl gətirilmiş xalçalar göz oxşayır. Eksponantların altında “Azərbaycan” kəlməsinə rast gəlinmir. Quba xalçasının altında rus, Qafqaz ifadələri bizi narahat etdi. Muzeyin əməkdaşına fikrimizi bildiririk, o isə bunların rəsmi informasiya mənbələrindən götürüldüyünü dedi. Sonra əlavə etdi ki, onlarda dəyişiklik etmək asan məsələ deyil. Amma, doğrudan da, muzeydə Azərbaycanla bağlı çox eksponat var. Ancaq səfəvilər dövrü, ondan sonrakı dövrlər, hətta yuxarıda göstərdiyimiz kimi, xalça və kilimlərimizin təqdimatında bizim adımız keçmir. Bu bizi düşündürməlidir. Qeyd edək ki, muzeydə həmçinin musiqi alətləri, bayraqlar, çini qablar və s. kolleksiyaları da boldur.
Şəhər ərazisi üç yerə bölünür: yuxarı, orta və aşağı hissələr. Çayın üzərində tikilmiş körpülər (Manhetten, Bruklin və s.) şəhərin sağ və sol ərazilərini birləşdirir. Onlardan ən gözəli Manhetten və Bruklindir. Onları birləşdirən körpüdən baxanda möhtəşəm Azadlıq statuesi öz əzəmətilə adamı valeh edir. N.Yorkun yuxarı hissəsində, yuxarıda qeyd etdiyimiz kimi, Mərkəzi park öz füsunkar gözəlliyilə şəhərin sakinlərinin və qonaqların sevimli istirahət və əyləncə yeridir. Şəhərdə 500 qalereya, təxminən 200 muzey, 150-dən artıq teatr, 18.000-dən çox restoran, habelə ildə 50 milyon tamaşaçısı olan dünyaca məşhur mədəniyyət və incəsənət mərkəzləri vardır. 1567-ci ildə Giovanni və 1649-cu ildə Hadson bugünkü Nyu Yorku kəşf etdikdən sonra 1610 –ci ildən başlayaraq niderland tacirləri Manna-Hatta adasının cənubuna, indiki Bruklinə köçdülər. 1626-cı ildə P. Minuit aborigen hindilərə məxsus bu adanı təxminən 60 quldenə onlardan almışdı. Bununla əsası qoyulan qəsəbənin adı əvvəlcə Nyu Amsterdam olmaqla Yeni Niderland koloniyasının paytaxtı oldu. Bu, 1664-cü ilə qədər, yəni britaniyalılar onu zəbt eləyənə qədər belə adlandı. Həmin dövrdən N.York şəhəri indiki adını daşıyır və artıq 1825-ci ildən Eriya kanalının işə düşməsi nəticəsində o, dünya əhəmiyyətli şəhərə çevrildi. 26 iyul 1788-ci ildə N.York ştatı ABŞ-ın 11-ci Ştatı oldu, "The Empire State" kimi göstərilən bu federal ştatın əvvəlinci adı Albanı olub. Maraqlıdır ki, “Empire State” indi möhtəşəm bina kimi N.Yorkun tən ortasında ucalır. İfadənin haradan qaynaqlandığı aydın deyil. Mövcud fərziyyələrdən biri ondan ibarətdir ki, ABŞ-ın ilk prezidenti J.Vaşinqton N.Yorku vaxtı ilə “İmperiya iqamətgahı, mərkəzi” adlandırıb.1931-ci ildə açılışı olan bu bina 1970-ci ildə Dünya Ticarət Mərkəzindən (11 senyabr 2001-ci ildə vəhşicəsinə dağıdıldı) sonra ikinci böyük bina olub. Bina indi şəhərin mərkəzi sayılır.
5.Nyu York dünyada bərabəri olmayan şəhərdir
122.310 km² ərazisi olan New York indi ABŞ-ın 27 ən böyük ştatlarından biridir. Təsərrüfatı süd sənayesi, maldarlıq, meyvəçilik və tərəfəzdir. Sənayesində çap və nəşriyyat, elmi cihazlar, elektron sənayesi avadanlığı, maşınqayırma, kimya məhsullarının istehsalı və turizm əsas yer tutur. N.York təxminən 20 000 hektar alma bağları ilə əhatə olunub.
New York City isə N.Yorkun paytaxtı olmaqla ABŞ-ın ən böyük şəhəridir. Ərazisi təxminən 800 km² və əsasən 5 hissədən ibarətdir: Borou, Manhettən (ən qədimi və ən balacası), Bruklin (ən böyüyü), Kvins (Queens), Bronks və Steyten adası. Turistlər Manhetteni New Yorkun sinonimi hesab edirlər.
Şəhərdə müxtəlif yerlər bu və ya digər şəklidə məşhurdur. Cənub maliyyə mərkəzidir, bir az yuxarıda çinlilərin və italyanların kompakt yaşadığı məhəllələr yerləşir, qərbdə ticarət və məşhur yazıçı və incəsənət xadimlərinin (T.Volf, D.Tomas, J.Japlin və s.-in ) yaşadığı „Çelsi hoteli“ və alış-veriş mərkəzləri, ikinci əldən satış və s. yerləri xüsusilə fərqlənir. Şəhərin cənub-qərbində Şimali Amerikada ən böyük Asiya Birliyi var ki, bu da xüsusilə çinlilərdən ibarətdir. Burada ənənəvi Çin ticarət mərkəzi yerləşir. Ayrı-ayrı mərkəzlər öz qədim ənənələrilə fərqlənir: Şərqi villic gənclərin yaşadığı, klub və teatrlar mərkəzidir, Karmen bütün ABŞ-da alınan geyimlərinin 3/1 –nin istehsal olunduğu yerdir, Qrinviç villici intellektualların məskənidir, burada kiçik bağça və həyətləri olan iki və üçmərtəbəli binalar çoxluq təşkil edir. Şimalda Harlem ənənəvi olaraq ən çox afro-amerikan əhalisinin məskunlaşdığı ərazidir. 125-ci küçədə yerləşən Apollo teatrı musiqi nəhənglərinin (Nat King Cole, Marvin Gaye, Aretha Franklin, Ella Fitzgerald və s.) konsertlərilə məşhurdur.
Yorkvil və ya „Kiçik Almaniya“ Apper Şərq sahilinin Şimal şərqində 87-ci küçə boyu uzanıb gedir. Burada İkinci Dünya müharibəsindən sonra alman mədəniyyətinə maraq azalsa da, almanların çörək məmulatı, „Haydelberq“ restoranı və digər şeylər bu gün də bir sıra nyuyorklunun alman mənşəindən xəbər verir.
Nyu York şəhəri həddən artıq planlı şəkildə salınmış rəqəmli avenülərə və onları dikinə kəsən küçələrə (küçələr rəqəmlə işarələnir) bölünür. Məsələn, 5-ci avenü şəhərin şərqini qərbindən ayırır. Şərq 1-ci avenüdən başlayır, Manhetten qərbdən 12-ci avenü ilə qurtarır. Manhettendə W qərb və E şərq üçün işarədir. Məsələn, Yelisey hoteli 54-cü küçə 60-da yerləşir. Manhetten yüksək mərtəbəli binalardan ibarətdir. Elə bil bu binalar bəhsə girib. Küçələrdə yaşıllıq yox dərəcəsindədir. Şəhər bütövlükdə təmiz deyil. İnsanlar nəyinsə arxasınca dəstə ilə axışırlar. Gündüzlər çox basırıq olur. Gecələr isə yuxarı mərtəbədən bu şəhər gözəl görünür. Şəhərdə nəqliyyat vasitəsi kimi taksi, avtobus və metrodur. Avtobuslar həm də turistləri gəzdirən nəqliyyat vasitəsidir. Bilet alıb oturursan, 48 saatlıq ekskursiya və şəhəriçi nəqliyyat 49 dollaradır, 48 saat ərzində istədiyin dayanacaqda düşüb yenidən minib istədiyin yerə gedə bilərsən. Həm də avtobusda radiqəbuledici və ya bələdçi vasitəsilə şəhər haqqında informasiya ala bilərsən. Ən yüksək binalardan biri məlum olduğu kimi 2001-ci il sentyabrın 11-də partladıldı, ondan sonra mərkəzdə „Empire State“ binası öz əzəmətilə diqqəti cəlb edir. Biz bu şəhərə gəlişimizin ikinci günü dənizdə gəzintiyə çıxdıq və „Azadlıq“ statuesinə lap yaxından baxdıq.
6.Azadlıq statuesi amerikanların və qonaqların sevimli yeridir
Azadlıq statuesi (ing. Statue of Liberty, rəsmi adı Liberty Enlightening the World-dir) Frederik Auqust Bartoldi tərəfindən N.Yorkda yaradılmış yeni nəhəng klassik statuedir. O, N.Yorkun Azadlıq adasında 1886-cı ildə 28 oktyabrda açılıb və fransız xalqının N.York limanında quraşdırılmış Birləşmiş Ştatlara hədiyyəsidir.1924-cü ildən Azadlıq statuesi Milli abidəsinin tərkib hissəsidir, 1984-cü ildən isə YUNESKO-nun mədəni irsinə daxil edilmişdir.Statue Azadlıq statuesi Roma Qadın Azadlıq Allahının rəmzi kimi əbaya bürünmüş böyük özül üzərində bürünc fiqurdur. Sağ əlində qızılı məşəli, sol əlində isə amerika Müstəqilliyinin bəyannaməsi tarixi olan sənədi tutur. Ayaqları altına qırılmış zəncir qoyulub.O, Birləşmiş Ştatların azadlıq rəmzidir, abidənin hündürlüyü 46,5 m., özülü ilə birlikdə 92,99 m.olmaqla 1959-cu ilədək dünyada ən yüksək statue idi. İdeyanı Bartoliyəyə fransız hüquqşünası və siyasətçisi E.R.Labüalye verib. O,1865-ci ildə elan etmişdi ki, bu abidə Amerikanın müstəqilliyi şərəfinə qaldırılmış Fransa və ABŞ xalqlarının ümumi layihəsi olmalıdır. Fransada siyasi gərginlik ucbatından abidə üzərində iş yalnız 1870-ci illərin əvvəllərində başlanıb. İdeya müəllifi Labüalye təklif etmişdi ki, fransızlar statueni, amerikanlar isə özülü maliyyələşdirsinlər, həm də tikinti yerini hazırlasınlar. Bartoldi statuenin baş hissəsini və əldə yuxarı qaldırılan məşəli tam hazır olmamışdan qurtamışdı. Bu hissələr ictimaiyyətə təqdim olunmuşdu. Amerika tərəfindən maliyyələşdirmədə çətinlik yarandığından 1885-ci ildə işin yarımçıq qalmaq təhlükəsi yarandı. Onda Y.Pulitser özünün “N.York World” qəzetində layihənin tamamlanması üçün ianə kompaniyası təşkil etdi. Layihə Fransada hazırlandı və hissələrə bölünərək N.Yorka gətirildi və o zaman Bedlos adası adlanan yerdə quraşdırıldı. Prezident Q.Klivlend 1886-cı ilin 28 oktyabrında onun açılışını Bartoldi ad günündə yalnız kişilərdən ibarət olan tədbirdə açıq elan etdi.1901-ci ilədək statuenin saxlanılmasını və idarə olunmasını federal hakimiyyət öz üzərinə götürmüşdü. Sonralar bu işi Müharibə Nazirliyi öz üzərinə götürdü.1933-cü ildən isə ona Milli Bank Xidməti baxır. 1938-ci ildə o, bərpa işlərilə bağlı bağlandı və yalnız 1980-ci illərin əvvəllərində yenidənqurma işlərinə başlanıldı. 1984-86-cı illərdə məşəl və statuenin içərisi dəyişdirildi. 2001-ci ildə 11 sentyabrdan və Hurrikan Sandi-dən sonra statue hərdən qismən bağlanırdı.
Bu şəhər qaynayır, deyirlər ki, N.York elə şəhərdir ki, heç zaman yatmır. Haylı-küylü şəhərin küçələri insan axını ilə yadda qalır. Turist kimi avtobusa minmək üçün bəzən uzun növbədə gözləməli olursan. Metrosu sadədir, stansiyalarda çoxlu dirək gözə dəyir, metro vaqonları köhnədir, ancaq qatarlar cədvəl üzrə hərəkət edir. N.Yorkda istəyirsən bir bina qarşısında dayanıb ona doyunca tamaça edəsən, görürsən ki, onun yanındakı bundan da möhtəşəmdir. Beləcə şəhəri gəzməklə doymaq olmur. Əlüstü bir şey alıb yeyirsən, fürsəti əldən verməmək üçün o biri avenüyə keçirsən.
7. Kalambia universiteti
Bizi bu şəhərə gətirən, yuxarıda qeyd etdiyim kimi, nəvəm Nərgizin Kalambia unuversitetinə qəbul olunması səbəb oldu. Bu universitet çox məşhur uniuversitetdir, hazırda ABŞ-ın 44 –cü prezidenti seçilmiş B.Obama vaxtilə bu unuversiteti qurtrarıb. Universitet 1754-cü ildə İngiltərənin kralı II Corc tərəfindən təsis olunub. 1784-cü ildən Calambia kolleci, 1896-cı ildə N.York şəhərinin Calambia universiteti adlanır. Qeyd edək ki, buradakı kollec bizim universitetlərdə fakültə adlanır. Nəvəm Nərgizin daxil olduğu Barnard kolleci 1889-cu ildə Calambia universitetinin 10-cu prezidenti Frederik A.P. Barnardın təşəbbüsü ilə yaradılıb. 1931-ci ildə universitetdə 43 il prezidenti olmuş N.M. Batler universitetin məzunu kimi beynəlxalq aləmdə fəaliyyətinə görə Nobel Sülh mükafatı almışdır. Bu adam o qədər böyük nüfuz sahibi olub ki, “The New York Times” qəzeti hər il onun Milad bayramı ilə bağlı təbrikini çap edirdi. Barnard qızlar kolleci ən çox seçim edilən qız məktəblərindəndir. Bu məktəbin 2400-dən artıq məzunu indi dünyanın müxtəlif yerlərində çalışırlar. N.York şəhərinin şimal-qərbində yerləşən universitetin və onun hər bir kollecinin böyük və yaraşıqlı kampusları var. Nərgizin yaşayacağı binanın 1-ci mərtəbəsində aşağıda oturmuş qarovulçudan icazə alıb bağ-bağça içərisində yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsində Nərgizin yaşayacağı 721-ci otağa liftlə qalxırıq. Burada bir nizam-intizam, ümumi mətbəx, rahatxana, qızların yataq otaqlarının səliqə-sahmanı bizi valeh edir. Onunla görüşüb söhbətləşirik. O haqlı olaraq özünü xoşbəxt hesab edir, çünki bu cür ali məktəbdə oxumaq ona müəyəssər olub. Biz də, doğrusu, onun sevincni bölüşürük. Nənəsi Dilşad xanım sevincdən göz yaşlarını saxlaya bilmir. Deyir ki, babası S.Peterburq və Berlin universitetlərində oxuyanın nəvəsi də Nyu Yorkda oxumalıdır. Qızım Vəfanın da sevinci çox böyük idi. Doğrudan da, gözünün ağı-qarası bir balasını bu qədər müddət ərzində məsul bir təhsilə hazırlaya bilib.
Avqustun 23-də universitetin 4 kollecindən (Barnard kolleci, Kalambiya kolleci, Ümumi təhsil kolleci və Mühəndislik və Tətbiqi elmin əsaslandırılması kolleci) ən böyüyü, bu il 125 illiyini keçirəcək Barnard kollecinə 2014/15-ci tədris ili üçün qəbul münasibətilə (kollecə 600 nəfər, o cümlədən 50 nəfər xarici tələbə qəbul olunub, bunlardan neçəsinin oranı bitirəcəyini gələcək göstərəcək) kollecə yenicə qəbul olunmuş tələbələrin valideynlərilə görüş keçirildi. I kurs tələbələrinin dekanı və prezidenti görüş yerinə vaxtında gəldilər. Üzlərində təbəssüm olan bu xanımlar hər kəslə əl tutub görüşmək istəyirdilər. Prezident yarım saatlıq çıxışında bütün valideynləri təbrik etdi, kollecin məqsəd və vəzifələrindən danışdı. O çıxışında xüsusi qeyd etdi ki, ı semestr həmişə çətin olur. Amma sonradan qızlar alışırlar, universitet həyatını tam dolğunluğu ilə yaşayırlar. Xanım qeyd etdi ki, qızlar gəncdirlər, bəziləri ilk dəfə atadan - anadan ayrı düşürlər, ona görə vərdiş eləyənə qədər xeyli vaxt tələb olunur. Valideynlərdən xahiş etdi ki, bu adaptasiya dövrü uşaqlarına mənəvi dayaq olsunlar. Valideynlərdən biri soruşdu ki, şəhərdə oğlanların qızlara təcavüzü və ya narkotikə meyillilik olanda bunların qarşısı necə alına bilər. Xanım cavabında dedi ki, bunlar onun yuxusuna xaram qatan məsələlələr deyil. Təcavüzə məruz qalmaq və ya narkotikaya qurşanmaq, demək olar ki, bizim təsadüf eləmədiyimiz şeylərdir. Ancaq qızlar arasında rəqabət, birisinin ağıllı və dərrakəli olmasını digərlərinin pis qarşılaması və bu əsasda depressiya hallarının olması onun yuxularına haram qatan nəsnələrdir. O valideynlərə tövsiyyə etdi ki, uşaqlarına bərk-bərk tapşırsınlar ki, dözümlülük göstərsinlər, yaxşını qiymətləndirib alqışlamağı bacarsınlar, paxıllıq etməsinlər, öz aralarında mehribançılıq və yüksək mədəniyyət nümayiş etdirsinlər. Doğrudan da, bu fikirlər hamının xoşuna gəldi. Xoş təəssüratlarla görüşdən ayrılıb mehmanxanaya qayıtdıq, Nərgiz isə ilk dəfə olaraq universitet tələbələrilə axşam yeməyinə, oradan da planlaşdırılmış əyləncəyə getdi. Biz bu görüşdə Nərgizlə bir kursda oxuyacaq tələbələrlə görüşüb xeyli söhbət etdik. Onlardan kolumbiyalı qız Nərgizlə bir otaqda qalacaq. Türkiyədən və Gürcüstandan gələn qızlar da burada oxuyacaqlarına çox sevinirdilər.
N.Yorkun arxitekturası elə qurulub ki,burada köhnə tikililər yanilərlə bir ansambl yaradır və yuxarıdan tamaşa edəndə adamın gözləri dincəlir. Səhər 8-də şəhərdə adam gözə dəymir, 10-dan sonra qaynaşma başlayır. Ancaq avtobuslar və taksilər səhər sübhdən qıcır-qıcır qaynayırlar.
8.Amerika kontrastlar ölkəsidir
Sovet ideologiyası bizə təlqin etmişdi ki, Amerika kontrastlar ölkəsidir. Burada həqiqət var. Ancaq sözün düzü bu kontrastları görmək o qədər də asan deyil. Burada hamı pul qazanmaq istəyir. Havayı yeyən yoxdur. Səhər tezdən axşama qədər turizm şirkətlərinin əməkdaşları bar-bar bağırıb müştəri toplayırlar. Xırda məişət köşkləri öz xidmətlərini təklif edirlər.Səhərlər pəncərədən 60-70 mərtəbəli binanın divarlarına və pəncərələrinə daraşıb pəncərələri və divarları parıldayana qədər silib təmizləyən adamların necə riskə gedərək çörək qazandıqlarını görəndə bir az təəcüblənməmək olmur. Ancaq görəndə ki, onların sallandığı təmir qutuları yuxarıda binanın üstündə tam bərkidilib, bir az toxtalanırsan ki, bunların təhlükəsizliyi qorunur.
Şəhərdə iri hündür binaların hamısının tarixi var. Onlardan biri - Rokfeller mərkəzi diqqətimi cəlb etdi Qarşısından keçəndə ayaq saxlayıb içəri girdik. 89.000 km2 ərazini tutan bu mərkəz Rokfeller ailəsi tərəfindən inşa edilib, 1987iz axşam bu operanın yanına gələndə binanın ətrafında düzülmüş stullarda yalan olmasın binanın içərisindən çox adam oturub böyük ekranda C.Verdinin “Fallstraf” əsərinə tamaşa edirdi. Biz də oturub operaya baxdıq.
N.Yorkun metrosu bəzi təzə stansiyalarını çıxmaq şərtilə köhnədir və yaraşıqsızdır. Moskva metropoliteni, elə Bakı metrosu da gözəlliyinə görə bunlardan qat-qat üstündür. Metroda gediş 2.5 dollardır.Göründüyü kimi, bu çox bahadır. Ancaq orta əmək haqqı ilə müqayisədə bu elə bir qiymət deyil. Burada gündüzlər taksiyə minmək heç sərfəli deyil. Çünki tıxaclar hesabına mənzil başına gəlib çatmaq bir neçə dəfə baha başa gəlir. Axşamlar şəhər par-par parıldayır. Nə T.Drayzerin, nə də sovet siyasətçilərinin dediyi kimi, burada acından gəbərib öləni görmək olmur. Tinlərdə və metro stansiyalarında insanlar solo və ya qrup şəklində musiqi alətlərində çalıb pul qazanırlar. Diqqətimi bir şey cəlb etdi. Brodveydə bir bomj oturub dilənirdi, ancaq əlində kitab oxuyurdu. Deməli, bu şəhərdə hər cür insanlara rast gəlmək olur. Müasir dövrdə metropoliyalara xas olan laqeydlik, ətrafa diqqət yetirməmək N.York üçün də xarakterikdir. Brodveydə yarıçılpaq qızların bədənlərinə tatuirovka etdirmələri adi haldır. Bir tərəfdə gəlinlik paltarında gözəl qız reklam üçün rəqs edərək yoldan keçənlərə göz vura-vura firmaların anonslarını verir. Əhalinin etnik tərkibi o qədər qarışıqdır ki, küçədə danışılan dilin ingilis standart dilindən nə qədər uzaq olduğunun şahidi olmaq üçün xüsusi eksperiment aparmağa ehtiyac yoxdur. Ölkədə ingilis dililə yanaşı ispan dili də dövlət dili statusundadır. Telekanallarda yalnız ingilis və ispan dilində (iki kanalda) verilişlər gedir. Amerikan ingiliscəsinin Britaniya ingiliscəsindən tezliklə ayrılacağını söyləyənlər heç də səhv etmirlər.
Buranın mətbəxi çox sadə və primitivdir. Toyuq və ya mal ətindən səndviçlər, istiot dolu suplar, ya da qızardılmış toyuq və balıq. Hətta buradakı Maria İvanovna adlı rus restoranı da keyfiyyətli yemək verə bilmir. Əhali küçədə, səkidə oturub dürmək yeyir. Özü də çox həvəslə. Restoranların bəzisində bizim toylardakı kimi, soyuq yeməkləri və salatları doldururlar dəyirmi stolun üstünə, istədiyin qədər götür ye, sonra oturduğun stolun üstünə bir üzü qırmızı, o biri üzü yaşıl kart qoyurlar. Yemək istəyəndə kartın yaşıl üzünü yuxarı qoyursan, süfrəçilər əllərində şişlərdə qızarmış əti gətirirlər, istədiyin yerdən kəsib verirlər. Sonda qiymət adambaşına hesablanır. Orta hesabla hər adama 50 dollara. Bu ölkədə Avropadakı kimi araq içmirlər. Əhalinin içdiyi əsasən çaxır, pivə, bir də adi, qazsız sudur. Suları çox təmiz və dadlıdır. Suyun bir şüşəsi (0,5 l.) 5-6 dollaradır. Əlbət ki, marketlərdə bu qiymətlər 5-6 dəfə ucuz olur.Cib xərcliyi də bir, iki dollar və daha çox ola bilər. Bu, müştərinin istəyindən və cibindən asılıdır. Restoranlar çox səs-küylü olur. Burada xidmət bir növ bizdəki şadlıq evlərindəki kimidir. Bir masaya bir neçə nəfər nəzarət edir. Ümumiyyətlə, N.Yorkda insanlar bağıra-bağıra danışılarl. Maşınların siqnallarını da buraya əlavə etsək, doğrudan da, bəzən ağız deyəni qulaq eşitmir. Xüsusilə şəhərin küçələrinə tökülmüş turizm işçiləri əsl qulaqbatrıcıdılar. Onları yalnız müştəri maraqlandırır.
N.Yorkda mən iki böyük kitab mağazasına getdim. Onlardan Barnes və Nobl kitab mağazası çox böyük və çoxmərtəbəlidir. Avropadakı kimi, burada kitab sevərlər çox deyil. Mən iki saata yaxın mağzada ixtisasımla bağlı kitab seçəndə bir nəfər də olsun alıcı görmədim. “Adəmin dili” adında kitabı seçdim, üstündə qiymət 15 dollar yazılmışdı. Kassir məndən 17,5 dollar aldı. Təəccübümü görəndə izah etdi ki, artıq pul vergiyə gedir. İkinci mağazada da təxminən eyni mənzərə ilə rastlaşdım.Ümumiyyətlə, burada vergidən azad (taxi free) deyilən şey yalnız 100 dollardan sonra mümkündür.
9.Son söz
Mehmanxanada hesablaşıb Nyu York hava limanının 7-ci terminalına yollanırıq. Oradan da təyarəyə minib Londona və Londondan da vətənə yola düşürük.Nərgizlə xudafizləşmə səhnəsi çox təsirli idi. Sanki, Nərgiz indi başa düşdü ki, biz onu tərk edib gedirik. Bu şəhərdə onun heç kəsi yoxdur. Ancaq biz ona ürək-dilək veririk və izah edirik ki, hər şey yaxşı olacaq. Dedik ki, tezliklə dostların olacaq, dərslər başını qarışdıracaq, sən də layiqli bir mütəxəssis kimi yetişəcəksən.
Aqillərdən kimsə deyib ki, gəzməyə qərib ölkə, yaşamağa vətən yaxşıdır. Biz də bu təəssüratlarla vətənə qayıdırıq və buna görə çox sevinirik. |