1.5.2013
Professor Fəxrəddin Veysəllinin ustad dərsi

1 may 2013-cü ildə Azərbaycan Dillər Universitetinin toplantı zalında adıçəkilən təhsil ocağının professoru, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəllinin ustad dərsi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dilçilik sahəsində bir sıra sanballı əsərlərin, araşdırmaların müəllifi olan professor Fəxrəddin Veysəlli çağdaş dünya dilçiliyinin inkişaf yönlərindən, eləcə də Azərbaycan dilçiliyinin qarşısında duran poblemlərdən danışıb.
Professor bildirib ki, dilimizin lüğət tərkibinin zənginləşdirilməsi yönündə işlər ardıcıl aparılmalıdır. O, nəşrə hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə 105 mindən çox sözün olacağını söyləyib. Mütəxəssis vurğulayıb ki, dilimiz dünyanın öndə gedən bir sıra dillərindən geridə qalır. Məsələn, rus dilində 500 min, alman dilində isə 600 min söz var.

Ustad dilçi tədbirdə bir sıra məsələlərə də toxunub. O, dünya dilçiliyində başlıca anlayışlardan olan “anlam” məsləsinə də aydınlıq gətirib və bunun ilk dəfə N.Tusinin əsərlərində işləndiyini bildirib.
Başçılıq etdiyi AMEA Dilçilik İnstitutunun fəaliyyətinə toxunan F.Veysəlli söyləyib ki, indi institut bir sıra böyük işləri uğurla gerçəkləşdirməkdədir. Belə ki, başlıca işlərdən biri “Azərbaycan dili müntəxəbatı”nın nəşrə hazırlanmasıdır. Bununla yanaşı, “Azərbaycan dilçiləri ensiklopediyası” üzərində işlər aparılmaqda və “Azərbaycan dilinin qrammatikası” yenidən yazılmaqdadır.
Sonda ustad dilçi Fəxrəddin Veysəlli iştirakçıları ilgiləndirən sualları cavablandırıb, gələcək işlərindən danışıb.











 |