Fəxrəddin  VEYSƏLLİ

Filologiya elmləri doktoru, professor

   
   
   
   
   
   
Baş səhifə
   
Haqqında
Kitablar
Məqalələr
Şəkillər
Video
“Azərbaycanda xarici dillər” jurnalı
Hesabatlar
Arxiv
Əlaqə
   
   
   
   
   
01.05.2018

BİR DİLÇİNİN PORTRESİ


Professor Fәxrәddin Veysәlli: әsәrlәri, görüşlәri, tәsbitlәri, tәrcümәlәri…

Bir ömürün hekayəsi

Filologiya elmlәri doktoru, professor Fәxrәddin Veysәlli! Xalq arasında ona Fәxrәddin müәllim vә ya “Bәy” deyә dә müraciәt edirlәr. Çevrәsindә xeyirxahlığı, işgüzarlığı, vәtәn vә millәtsevәrliyi ilә sevilir. Mәn deyәrdim ki, onun yaşamında elmi-pedaqoji fәaliyyәtiylә gündәlik hәyat tәrzi sanki bir-biriylə qovuşmuşdur. Әsәrlәri ömür yolunda bir-birinin ardınca düzülmüş mәhәk daşları kimidir. Ömür yolu Kürdәmir rayonunun Yenikәnd kәndindәn başlamışdır. Elә biz ikimiz dә Yenikәnddәnik vә hәmin kәnddә orta mәktәbi qurtaran kimi böyük arzularla Bakıya gәlmiş vә orada ali tәhsil almışıq. Sonra isә tәhsilimizi keçmiş Sovet İttifaqının Moskva vә Leninqrad şәhәrlәrindә davam etdirmişik. Fәxrәddin müәllim bizim kәnddәn çıxan ilk elmlәr namizәdi, doktoru vә professordur. O, 11 may 1943-cü ildə Azərbaycan Respublikası Kürdəmir rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1965-ci ldə Azərbaycan Xarici Dillər İnstitunun Alman dili fakültəsini fərqlənmə diplomuyla, 1971-ci ildə isə S. Petersburq Dövlət Universitetinin aspiranturasını uğurla qurtarmışdır. “Alman dilində bitkinlik intonasiyası” adlı namizədlik dissertasiyasını vaxtında yazıb bitirmişdir. Elə həmin il namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Professor Fəxrəddin Veysəlli Azәrbaycanın vә bötövlükdә Cәnubi Qafqazın ilk germanist elmlәr doktoru vә professorlarından biridir. O özünü fonetika, fonologiya, struktur dilçilik, dilçilik ensiklopediyası, semiotika, dilçiliyin әsasları vә ümumi dilçilik sahәsindәki çox saylı araşdırmaları, hәmin araşdırmalarda irәli sürdüyü yeni fikirlәri, orijinal linqvistik tәsbitlәri vә dünya dilçiliyi tarixindәn Azәrbaycan türkcəsinə etdiyi maraqlı tәrcümәlәriylә tanıtmışdır. Sadәcә bunlarlamı?! Xeyr! Hәm dә sosial hәyatımızın, milli düşüncә vә mentalitetimizin әsas qurucu fenomenlәrindәn biri olan ana dilimizin, elәcә dә әdәbiyyatımızın, yaşam qayәmizin vә milli-әdәbi fikir tariximizin tәbliği, tәdqiqi vә qorunmasıyla! Әn ümdәsi isә elmi-pedaqoji fәaliyyәtindә tutduğu fәal vәtәndaş-alim mövqeyiylә! Biz onun bu mövqeyini və tükənməz enerjisini keçən əsrin 80-ci illərində başlayan və 90-cı illərdə ölkəmizdə daha da genişlənən milli-azadlıq hərəkatındakı fəaliyyətində daha bariz bir şəkildə görə bilərik. O, həmin illərdə respublika radiosunun birinci proqramında verilən “Ana dili” verilişinin müəllifi və aparıcısı kimi dilimizin funksional problemlərinin həlli ilə bağlı bir çox maraqlı təkliflər irəli sürmüşdür. Fəxrəddin müəllim 1989-cu ildə Moskvada keçirilən müəllimlər qurultayının iştirakçısı olaraq ermənilərin respublikamıza olan ərazi iddialarının əsassız olduğunu konkret faktlarla göstərmiş, müxtəlif diskussiyalarda bizim haqlı ollduğumuzu qorxmadan müdafiə etmiş, SSRİ xalq artisti L. İmanovla MDU-da təhsil alan azərbaycanlı tələbələrin dəvətiylə getdiyi görüşdə məclisin aparıcısı olmuş və o zaman respublikamızda yaranmış vəziyyətlə əlaqədar olaraq geniş bir məruzə etmişdir. Bundan başqa o zaman işlədiyi institutun kollektivi adından Moskvaya “Moskoviski novosti” qəzetinin, ermənilərin törətdiyi haqsızlıqlarda sanki biz günahkarmışıq, iftira dolu yazısına verdiyi cavab isə onun dönəmin partiya funksionerləri tərəfindən çox güçlü bir təzyiqə məruz qalmasına səbəb olmuşdur.

Fәxrәddin müәllim rus, alman vә ingilis dillәrini çox yüksәk sәviyyәdә bilir. Ana dilindә, rus vә alman dillәrindә yazdığı çox saylı kitabları vә mәqalәlәri vardır. Hәtta göstәrilәn xarici dillәrdәn bir-birinә etdiyi dilçilik tәrcümәlәri dә yox deyildir. Məsələn, dünya şöhrətli alim R.O. Yakobsonun uşaq dili sahəsində şedevr əsər sayılan kitabının alman dilindən rus dilinə tərcüməsi bunlardan biridir. Bundan başqa, K.D. Uşinskinin “Ana dili” (1999) adlı əsərini rus dilindən, N. S. Trubeskoyun “Fonologiyanın əsasları” (2001), E. Koseriunun “Ümumi dilçiliyə giriş” (2006) və F. Niçenin “Zərdüşt belə söylədi” adlı əsərlərini isə alman dilindən dilimizə tərcümə etmişdir. Fəxrəddin müəllim öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıcısı T. Ştormun “İmmen gölü” novellasının və “Nibelunqlar nəğməsi” (2010) eposunun dilimizə, C. Məmmədquluzadənin “Poçt qutusu” hekayəsinin almancaya tərcüməsi buna misal ola bilər. Dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də sözügedən çoxsahəli fəaliyyətin tərkib hissəidir. Onun öz әsәrlәri isә bu dillәrin birindәn digәrinә kim tәrәfindәnsә tәrcümә olunmur. Әsәrlәri, göstәrilәn hәr bir dildә vә ana dilindә müәllifin öz elmi, filoloji vә güçlü intellektual tәhkiyәsiylә yazılır. Belә bir elmi-әdәbi anlatım vә professional linqvistik açıqlanma üslubu istәr bugünkü mәtn yazımı prosesi vә mәtnlәrarsılıq kontekstindә, istәrsә dә tәrcümә nәzәriyyәsi vә praktikası tarixindә, heç şübhәsiz ki, fenomenal bir hadisә olaraq qiymәtlәndirilmәlidir.

İndiyә qәdәr dilçilikdә ingilis, alman, fransız, rus, ispan vә çin dillәrinin nәzәri qrammatika kitablarının yazıldığı hamıya yaxşı mәlumdıur. Türk dillәrinin isә XX yüzildә tәsviri, elmi-normativ vә ümumtürk dilinin müqayisәli-tutuşdurmalı qrammatikası kitabları ortaya çıxsa da, ancaq hәmin dillәrdәn hәr hansı birinin nәzәri qrammatikası hәlәlik yazılmamışdı. Yalnız Türkiyә türkcәsi materialları әsasında Sankt-Peterburq dilçilik mәktәbinin nümayәndәsi, tanınmış türkoloq V.Q. Quzevin yazdığı “Teoretiçeskaya qrammatika turetskoqo yazıka” (2015) adlı әsәri artıq hәmin boşluğu müәyyәn qәdәr doldurmuşdur. Mәn dә “Dil Araştırmaları” (Sayı: 20 Bahar 2017, s. 15-33) dәrgisindә söz konusu әsәr haqqında “V. Q. Guzev'in Türkiye Türkçesinin Teorik Grameri Adlı Kitabı ve Türkçenin Sondan Eklemeli Yapısı Üzerine Düşünceler” adlı bir mәqalә yazdım. Sözügedən әsәrin “Ön söz” hissәsindә türk dili qrammatikasının indiyə qədər aqlütinativ quruluşlu dil-danışıq kontekstindә düzənlənməli olduğu, ancaq yanlış olaraq onun sözün sondan anlamlanmasına әsasәn deyil, flektiv dillәrin ön, iç vә son pozisiyalı dil-nitq qaydalarına görə yazıldığı vurğulanmışdır (Quzev 2015:6-7).

Ünsiyyәt, interaktiv mükalimə və ya sözün ən geniş mənasında elmşünaslıqda hər yönüylə çox yeni bir fenomen olaraq müəyyənləşdirilən diskurs (Veysəlli. Diskurs təhlilinə giriş, 2010: 5), ümumtürk dilində aqlütinativ quruluşun tәbiәtinә görә danışıq fəaliyyətində şәkillәnәn sözә, Hind-Avropa dillәrindә isә flektiv sistemin leksematik seçimiylə müəyyənləşən paradiqmatik-sintaqmatik işlәnişә görə gerçәklәşir. Buna görә dә “ümumtürk dilinin elmi-funksional qrammatikası” (Seçdirmə bizimdir- M. Musaoğlu), modern dilçilik elminin әn son nailiyyәtlәrinin işığında sait vә samitlәrin hәmahәngliyinә, morfemlәrin və sintaktik vahidlərin sözügedən harmoniya əsasında müəyyənləşən morfematik və sintaqmatik düzülüşünә vә nəhayət danışıq әsnasında sözün şәkillәnmәsiylә gerçәklәşәn məntiqi-aqlütinativ səciyyəli türkcə dil-danışıq sisteminə görə düzәnlәnmәlidir.

Bәs türk dilinin elmi-normativ qrammatikasının yazılmasında flektiv dillәrin tәsirinin indiyә qәdәr hәlledici rol oynamasının әsas sәbәbi nә olmuşdur? V. Q. Quzevin yuxarıda haqqında bәhs edilәn әsәrindә bunun bir tәrәfdәn türkologiyanın trendi vә çağdaş linqvistikadadakı elmi-metadoloji inkişafın türkoloji dilçilikdә kifayәt qәdәr öyrәnilmәmәsinә bağlı olduğu göstәrilir. Digәr tәrәfdәn Türkiyә türkcәsinә dair yazılan ənənəvi xarakterli qrammatika kitablarında modern dilcilik elminin nailiyyәtlәrindәn yetәrincә fayadalanılmaması da hәmin әsәrdә ayrıca olaraq diqqәtә çatdırılır (Quzev 2015: 6-9). Bu baxımdan müasir strukturalizmin müxtәlif cәrәyanlarından vә yeni linqvistik metodlarından professor Fәxrәddin Veysәllininin xarici dillәrdә vә ana dilindә yazdığı elmi әsәrlәrindә hәrtәrәfli olaraq bәhs edilmәsi çox böyük maraq doğurur. Hәmin әsәrlәrdә müәyyәn kontrastiv-konfrontativ düzәnlәnmәlәrin aparılması, ana dilinin quruluşuna və işlәnilmәsinә dair çox ciddi elmi-linqvistik tәsbitlәrin edilmәsi isə türk dilinin vә ya türkcәnin bu gün artıq sadәcә normativ deyil, elmi-funksional qrammatikasının yazılması üçün dә müәyyәn ipucları verir. Mәsәlәn, Azәrbaycan türkcəsində sözün prosedik modelinin iki zirvәliliyi”nin, eyni zamanda dilimizin orfofonik quruluşun müәyyәnlәşdirilmәsi vә lüğәtinin tәrtib olunması türkoloji camianı da yeni vә günün tələblərinə uyğun daha fərqli araşdırmalar aparmağa sәslәyir. Çünki indi türk ədəbi dillәri və dialektlərinin sadәcә tarixi, müqayisәli, tipoloji dilcilik metodlarıyla araşdırılması kifayәtlәndirici deyildir. Artıq sözügedәn dillәrin çağdaş linqvistikada tәtbiq olunan konseptual, semiotik vә koqnitiv-linqvistik motodlarla öyrәnilmәsi vә öyrәdilmәsi zәrurәti də bu gün bütün ciddiyyətiylə meydana çıxmışdır.

Qeyd olunmalıdır ki, Fəxrəddin müəllim “Dil” (2007) adlı kitabında dilin əsas əlamətlərindən, onun cəmiyyət və mədəniyyətlə qarşılıqlı əlaqəsindən, habelə dilin mahiyyətindən və dünya dillərinin ümumi mənzərəsindən hərtərəfli olaraq bəhs edir. O, həmin kitabı yazmaqda əsas məqsədinin isə mürəkkəb və sirli bir hadisə olan dil haqqında oxucusunun öz şirin Azərbaycan türkcəsində tam bir təsəvvür əldə edə bilməsi olduğunu vurğulayır (Veysəlli 2007:4). Əlbəttə, yalnız sözün əsl mənasında bellə bir təsəvvür əldə edildikdən və dünya dilçiliyinin bütün nailiyyətləri dərindən öyrənildikdən və dəyərləndirildikdən sonra ümumtürk dilinin yuxarıda göstərilən özəlliklərinə görə funksional bir elmi qrammatikası yazıla bilər.

Fәxrәddin müәllimin 1980-ci illәrdәn etibarәn istәr dilçiliyә, istәrsә dil-danışıq praktikası vә әdәbiyyatımızın tarixinә, dil, cәmiyyәt, siyasәt vә s. mәsәlәlәrә aid hәsr etdiyi çoxlu mәqalәsi vә onlarla kitabı vardır. Hәmin әsәrlәrdәn bәzilәri bunlardır: Alman dilinin fonetikası, Bakı. “Maarif”, 1980, 192 s.; Eksperimental fonetika, I cild, Bakı, ADU, 1980, 84 s., II cild, Bakı 1981, 1000 s.; Dilimiz, qeyrәtimiz, qayğılarımız. Bakı, “Maarif”, 1993, 173 s.; Fonetika vә fonologiya mәsәlәlәri. Bakı, “Maarif”, 1993, 191 s.; German dilçiliyinә giriş, Bakı, “Tәhsil”, 2003, 408 s.; Dil, cәmiyyәt vә siyasәt. Bakı, “Mütәtcim”, 2004, 526 s.; Diskurs tәhlilinә giriş, Bakı, “Tәhsil” 2010, 141 s.; Mirzә Şәfi Vazeh vә Fridrix fon Bodenştedt: yozumlar vә faktlar. Bakı, “Tәhsil”, 2010, 156 s. vә s.

Professor Fәxrәddin Veysәllinin әsәrlәrindә linqvistikanın sadәcә fonetika vә fonologiya sahәlәri deyil, struktur dilçiliyin әn müxtәlif nәzәri vә tәtbiqi problemlәri hәrtәrәfli tәdqiqata cәlb olınur. Onun elmi-publisistik vә tәtbiqi-praktik әsәrlәrindә dil, cәmiyyәt, siyasәt mәsәlәlәri dә әn geniş elmi-konseptual kontekstdә işıqlandırılır. Bu kontekstdә Ana dilinin hәyatımızın müxtәlif sferalarında işlәnilmәsi mәsәlәsi, hәm mәqalәlәr vә kitablar vasitәsilә, hәm dә radio vә televiziya proqramlarında vә digәr kütlәvi informasiya vasitәlәrindә dәyәrlәndirilir. Bu baxımdan onun üç il ərzində Azərbaycan radiosunda apardığı “Ana dili” verilişi indiyə qədər kütləvi informasiya vasitələrində sözügedən məsələyə dair düzənlənmiş olan proqramların içərisində özünə məxsus bir yer tutur. Şeirlәri Avropada oğurlanan Mirzә Şәfi Vazehin yaradıcılığı vә şәxsiyyәti haqqında ayrıca kitab yazır. Hәmin kitabda Fridrix fon Bodenştedt tәrәfindәn Mirzә Şәfi Vazehin yaradıcılığından edilәn tarixi sәciyyәli mәlum әdәbi oğurluğa dair yeni faktlar ortalığa çıxarılır. Belәliklә, keçәn әsrin 80-ci illәrindәn etibarәn professor Fәxrәddin Veysәllinin elmi-pedaqoji fәaliyyәti linqvistik özәlliyiylә bәrabәr, ayrıca olaraq dilçi-publisist mövqeyi ilə dә seçilir. Bu isә ölkәmizin ictimai-siyasi hәyatında XX yüzilin son qərinəsində gerçəklşən keçid zamanına görә yaradıcı-publisistik bir mahiyyәt kәsb edir.

2007-ci ildən etibarən Fəxrəddin müəllim elmi-mədəni həyatımızda və ya linqvistik-metodoloji və ictimai-publisistik diskursda yeni bir layihə gerçəkləşdirmişdir. Bu da onun rəhbərliyi və redaktorluğu ilə yayımlanan, nəinki Respublikamızda, hətta MDB ölkələrində Rusiyadan sonra ilk elmi-metodik və ictimai-publisistik bir nəşr orqanı olaraq gerçəkləşən “Azərbaycanda Xarici Dillər” jurnalıdır. Jurnal indiyə qədər özünə çox geniş oxucu kütləsi cəlb etmiş və Azərbaycanda ana dilinin və xarici dillərin tədqiqini, tədrisini və təbliğini həyata keçirən sanballı bir mətbuat orqanına çevrilə bilmişdir. Qeyd olunmalıdır ki, jurnal Türk dünyasından olan önəmli xəbərlərə, yeniliklərə və bunlarla bağlı linqvistik-publisistik yazılara da biganə qalmamış, onlara öz səhifələrində geniş yer vermişdir.

Professor Fəxrəddin Veysəlli 1986-cı ildə “Şərəf nişanı” ordeni, 2001-ci ildə isə “Bilik” cəmiyyətinin Y. Məmmdəliyev adına mükafatına layiq görülmüşdür. O, 1994-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuş, uzun illər boyunca isə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa dilləri və ədəbiyyatı bölməsinin sədri kimi səmərəli fəaliyyt göstərmişdir. Müxtəlif illərdə ADU-da kafedra müdiri, dekan və rektor vəzifələrində çalışmış, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru olmuş, bugün də uzun illərdən bəri işlədiyi doğma universitetində “Eksperimental fonetika” laborotoriyasının müdiri və “Ümumi dilcilik” kafedrasının müəllimi kimi öz fəaliyyətini davam etdirir.

Fәxrәddin müәllimin bu qәdәr böyük işlәrin öhdәsindәn gәlә bilmәsinin, mәncә, iki әsas sәbәbi vardır. Hәr şeydәn öncә, Fәxrәddin müәllim praqmatik tәfәkkürә, bitmәz-tükәnmәz “müsbәt enerji”yә, hәyat eşqinә, çalışma әzminә sahib vә bәdbinlikdәn uzaq olan dinamik bir insandır. O, sahib olduğu müsbәt enerjini, biliyini vә bütün öyrәndiklәrini ailәsiylә vә aurasında yer alanlarla mütәnasib bir şәkildә paylaşır. Vә hәmin müsbәt enerjinin ona vә cәmiyyәtimizә dönüşü dә çox olur. Mәsәlәn, yetişdirdiyi tәlәbәlәrinin, kömәk elәdiyi elm adamlarının gördüyü işlәrinin vә elmi yaradıcılıqlarının timsalında! Bu böyük uğurların qazanılmasının ikinci sәbәbi isә, Dilşad xanım kimi bir vәfalı ömür-gün yoldaşı vә ağıllı övladlarının hәmişә Fәxrәddin müәllimin yanında olmasıyla bağlıdır. Heç dә tәsadüfi deyidir ki, müxtәlif dillәrdә çox bacarıqlı kişilәrin böyük uğurlarının әldә olunmasında rol oynayan qadınlar haqqında universal səciyyəli belә bir deyim söylәnilir: “Hәr bacarıqlı kişinin arxasında bir qadın vardır”. Bu sözlәri eynilә Fәxrәddin müәllimin hәyat yoldaşı Dilşad xanım haqqında da söylәmәk mümkündür. Dilşad xanım indiyә qәdәr bütün işlәrindә, hәyat yollarında rastlaşdıqları müxtәlif çәtinliklәrin dәf olunmasında Fәxrәddin müәllimin әn böyük dәstәkçisi olmuşdur. Onlar erkәn evlәnmişlәr vә dolu-dolu yaşanan böyük bir maraqlı hәyat yolu keçmişlәr. Uşaqlarının, nәvәlәrinin xoş avazı indi çox-çox uzaqlardan gәlir. Oğlanları Vüqar, qızları Vәfa, nәvәlәri Nәrgiz vә Dәniz Avropada və Amerikada Azәrbaycan gәncliyinin sәsini hәr tәrәfә duyurur, hәr yerdә yüksәldirlәr.

Fonetika vә fonologiya mәsәlәlәri

Hamıya mәlumdur ki, professor Fәxrәddin Veysәlli, hәr şeydәn öncә, Avropada vә bütün dünyada çox yaxşı tanınan bir dilçi-fonetistdir. O, bunu fonetika vә fonologiya mәsәlәlәrinә dair yazdığı әsәrlәri; konfrans, simpozium vә qurultaylaradakı çıxışları, Beynәlxalq Fonetika Elmlәri Assosiasiyasının konqreslәrindә etdiyi mәruzәlәri vә sözügedәn alanda yetişdirdiyi çoxsaylı tәlәbәlәri, aspirantları vә doktorantlarıyla sübut edir. Fәxrәddin müәllim mәşhur dilçi-fonetist L. R. Zinderin rәhbәrliyi altında, Leninqrad (Sankt-Peterburq) şәhәrindә alman dilinin fonetikası üzrә “Müasir alman dilindә bitkinlik intonasiyası (eksperimental-fonetik tәdqiqat)” adlı namizәdlik dissertasiyasını 26 yaşındaykәn müdafiә etmişdir. 1976-77-ci illәrdә Moskva Linqvistik Universitetindә, 1977-78-ci illәrdә isә Berlindә Humbolt Universitetindә tamamaladığı “Alman dilindә sait fonemlәrin variativliyi (eksperimental tәdqiqatlar vә nәzәri ümumilәşdirmәlәr)” adlı doktorluq dissertasiyasını da Sankt-Peterburq Universistetindә daha gәnc yaşalarındaykәn müdafiә etmişdir. Bununla da Respublikamızda vә Cәnubi Qafqaz bölgәsindә german dillәri üzrә ilk elmlәr doktoru olmuşdur. İndiyә qәdәr germanistikaya, ümumi dilçiliyә vә müqayisәli-tutuşdurmalı linqvistikaya aid yazılan 40-dan artıq elmlәr namizәdi vә doktorluq dissertasiyası mәhz onun rәhbәrliyi altında müdafiә edilmişdir. Әslindә bugün artıq kontrastiv vә konfrontativ dilcilik sahәsindә bir Fәxrәddin Veysәlli mәktәbi vardır. Bunu onun daha keçәn әsrin 80-ci illәrdә doktorluq dissertasiyasına dair “Voprosı yazıkoznaniyia” jurnalında çap olunan mәqaqlәsi dә bariz bir şəkildə sübut edir.

Professor Fәxrәddin Veysәllinin fonetikaya dair yazılarının fәrqlәndirici bir özәlliyi də odur ki, onun mәqalәlәrindә vә kitablarında, alman dilinin fonetikası ilә bәrabәr, ana dilimizin fonetik quruluşu da fonoloji sәs sistemiylә birlikdә geniş bir elmi-linqvistik tədqiqata cəlb olunur. Belə ki, sözügedәn fonetik quruluş vә fonoloji sistem dilimizә qohum olmayan rus, alman, ingilis vә hәtta yeri gәlәndә digәr dünya dillәrinin linqvistik faktlarıyla müqayisәli-tipoloji aspektdә uyğun sәs-dil vә danışıq-tәlәffüz örnәklәriylә araşdırılır. Dilin fonemlәr sistemi, fonetikayla bağlı super seqment hadisәlәrlә (intonasiya, tәlәffüz, vurğu vә s.) sinxronik olaraq müәyyәnlәşdirilir. Hәm fonetik, hәm dә fonoloji sәciyyәli özәlliklәr, paralel olaraq danışıq zinciri, verbal və qeyri-verbal diskurs, söyləm və onun komponentləri olan sintaqmlara görә zamanın әn modern linqvistik araşdırmaları sәviyyәsindә hərtərəfli işıqlandırılır.

Qeyd olunmalıdır ki, müәllif ortaya qoyulan problemlәrә dair orijinal bir yanaşma şәkli, konseptual və koqnitiv səciyyəli anlatım tәrzi vә araşdırma metodologiyası müәyyәnlәşdirә bilir. Onun yazdığı linqvistik mətinlər, diskursiv araşdırmaların, qızğın və hərarətli elmi mübahisələrinin bir nəticəsi olaraq ortaya çıxır. Azәrbaycan türkcəsinin fonetik sisteminin eksperimental tәdqiqindә ana dilinin dil-danışıq sisteminin bütün funksional imkanlarından, zamanın әn inkişaf etmiş elmi-texniki yeniliklәrindәn, müxtәlif sәs ölçmә cihazlarından istifadә olunur. Professor Fәxrәddin Veysәlli fikir vә mülahizәlәrini, orijinal linqvistik tәsbitlәrini isbatlamaq üçün Bakı, Sankt-Peterburq vә Berlin Universitetinin fonetik laborotoriyalarında apardığı araşdırmalarına, Azәrbaycan türkcəsinin özünә mәxsus olan sәs özәlliklәrinә vә tәtbiqi dilçilikdә istinad edilәn riyazi-statistik metodlara әsaslanır.

Fәxrәddin müәllimin elmi yardaıcılığında onun “Fonetika vә fonologiya mәsәlәlәri” (1993) adlı kitabı çox önәmli bir yer tutur. Sözügedәn kitabda müәllifin fonetika vә fonologiyaya dair yazdığı әsәrlәrindә müqayisәli-tipoloji aspektdә sәs-dil vә danışıq-tәlәffüz özәlliklәri üzәrindә tәtbiq etdiyi bütün linqvistik yönüm vә metodlardan yetәrincә faydalanılır. Bir sözlә, hәmin kitabda Azerbaycan türkcəsinin fonetik-fonoloji sistemi bütün linqvistik-eksperimental yönlәriylә hәrtәrәfli müәyyәnlәşdirilir. Buna görә dә kitabın Türkiyә türkcәsinә tәrәfimizdәn çevirilәn son nәşrindә әsәrin adı müәllifin dә razılığıyla “Azerbaycan Türkçesi Fonetiği” (2008) olaraq dәyişdirilmişdir.

Yuxarıda professor Fәxrәddin Veysәllinin dilçiliyә, özәlliklә dә fonetik-fonoloji araşdırmalara gәtirdiyi müxtәlif elmi-metodoloji yeniliklәrdәn vә linqvistik tәsbitlәrdәn ümumi şәkildә bәhs olundu. Sözügedәn tәsbitlәrdәn biri dә, fikrimizcә, müәllifin Azərbaycan türkcəsində cümlә intonasiyası vә vurğu haqqındakı fikridir. Müәllifә görә, ümumtürk dilində Hind-Avropa dillәrindәki kimi ayrıca “söz vurğusu” yoxdur və heca vurğusu kimi səciyyələndirilən fonetik hadisə əslində cümlә vurğusu içərisində öyrənilməlidir (Veyselli. O prosodike predlojeniya, Seçilmiş әsәrlәri, 2009, s.74-77). Çünki, sözlәrin vә formalarının fәrqlәndirilmәsi seqment vahidlәr olan fonemlәrә deyil, prosodemlәrә söykәnir. Prosodemlәr isә seqment vahidlәrin vә ya fonem vә fonem ardıcıllıqlarının üzәrinә sәrilib onları intonasiya vә vurğu baxımından tәşkil edәn әn kiçik orfofonik hissәlәrdir (Dilçilk ensiklopediyası, 2008, s. 144). Müәllifin görüşü әslindә ümumtürk dilinin, Azərbaycan türkcəsində də tәk bir fonetik vurğuyla müәyyәnlәşildiyi düşünülən sözә görә deyil, aqlüinativ quruluşun danışıq әsnasında gerçəkləşən kök, əsas və şəkil nodellənməsinə görә öyrәnilmәli olduğununun isbatlarından biri olaraq diqqәti çәkir.

Dilçilik Ensiklopediyası

Professor Fәxrәddin Veysәllinin yaradıcılığında vә elmi-pedaqoji fәaliyyәtindә mühüm yer tutan әn önәmli kitablardan biri onun müәllifliyi vә redaktәsilә iki cilddә yayımlanan “Dilçilik Ensiklopediyası” (Bakı, Mütәrcim, 2006-2008) adlı lüğәtdir. Lüğәtdә dilçilik terminlәri rus dilindә әlifba sırasıyla ayrı-ayrı ana maddәlәr olaraq sıralanmaışdır. Onların qarşısında alman, ingilis, fransız vә Azәrbaycan dillәrindә tәrcümәlәri verilmişdir. Terminlәrin mәnası isә fundamental sәciyyәli dilçilk әsәrlәrinә әsaslanılaraq müәllif tәrәfindәn açıqlanmışdır. Göründüyü kimi, kitab bir tәrәfdәn terminoloji sәciyyәli tәrcümә lüğәti, digәr tәrәfdәn isә dilçilik terminlәrinin çağdaş linqivitikaya və struktur dilçiliyə әsasәn konkret dil örnәklәriylә açıqlandığı ensiklopedik bir әsәr olaraq diqqəti çəkir. Sözügedәn әsәr dünyada beş dilli ensiklopedik-linqvistik tәrcümә lüğәti olaraq hәlәlik bir ilkdir. Bu lüğətin, söylənilməsə də, Azərbaycanda dilçilərin stolüstü kitabı olduğu indi çox yaxşı bilinən bir həqiqətdir.

Filoloqun studiyası

Professor Fәxrәddin Veysәllinin yaradıcılığında onun hәlәlik yeddi cilddәn ibarәt olan “Filoloqun studiyası” (STUDIA PHILOGICA) adlı fundamental әsәri çox önәmli bir yer tutur. Nәdәn hәlәlik?! Çünki Fәxrәddin müәllimin hәmin fundamental әsәrinin sosial vә informasiya texnologiyaları elmlәri, özәlliklә dә çağdaş linqvistika və koqnitiv dilçiliyin inkişaf trendinә uyğun olaraq bundan sonra da yeni cildlәrinin ortaya çıxacağına inanırıq. Sözügedәn әsәrin I, II vә III cildi “Struktur dilçiliyin әsasları” (2005, 2008, 2009) adıyla adlandırılır. Bu heç dә tәsadüfi deyildir. Çünki, hәmin çoxcildli әsәrdә XIX-XX yüzillәrdә meydana çıxan klassik vә yeni dilçilik axınları vә XXI yüzilin ilk qәrinәsinsdә tәtbiq olunan әn yeni konseptual, semiotik vә koqnitiv-linqvistik yönüm vә yöntәmlәr araşdırılır. O sıradan Praqa funksionalizmi, Amerikan deskriptivizmi, Danimarka qlossematikası olaraq strukturalizm adı altında birlәşәn dil haqqında elmin XXI yüzildә dә davam edәn әn yeni istiqamәt vә metodlarından ana dilimizdə bәhs olunur. I cilddә, hәr şeydәn öncә, strukturalizm cәrәyanının әsas özәlliklәri açılıb göstәrilir. Belә ki, öncә dilcilik elminin, eyni zamanda yazının yaranmasının vә fonem anlayışının meydana gәlmәsinin tarixinә sәrf-nәzәr edilir vә İ. A. Boduen de Kurtunenin fonem nәzәriyyәsinin banisi olduğu konkret faktlar vә linqvistik müqayisәlәrlә tәsbit olunur. Bu isә professor Fәxrәddin Veysәllinin dilçilik tarixinә dair irәli sürdüyü әn önәmli fikirlәrindәn biridir. Hәmin cilddә L.V. Şerbanın fonem haqqında tәlimi, Moskva fonoloji mәktәbi, R. O. Yakobson vә onun binarizmi, Danimarka dilçilik mәktәbinin әsas ideyaları dәyәrlәndirilir. İngilis vә amerkan dilçiliyindә fonem problemi, generativ vә tәtbiqi fonologiya mәsәlәlәri, eyni zamanda klassik, yeni vә әn yeni dilçiliyin problem vә problematikaları bir bütün olaraq sözügedәn cilddә vә digәr cildlәrdә retrospektiv, prospektiv, perspektiv vә interospektiv aspektlәrdә işıqlandırılır.

“Filoloqun studiyası”nın bütün cildlәrindә Azәrbaycan dilinin emik vә etik birimlәri (fonem-allofon, morfem//morf-allomorf, leksem-alloleks, sema-allosem, sintaqm, cümlә vurğusu, prosodiya, prosodem vә s.) alman, rus, ingilis vә digәr dünya dillәrindәki uyğun linqvistik faktlarla paralel olaraq tәdqiqata cәlb olunur. Bu baxımdan “Filoloqun studiyası”nın I cildindә kitabın V fәslinin “Azәrbaycan dilinin fonem tәrkibi”, VI fәslinin isә “Azәrbaycan dilinin fonem sisteminin sәciyyәsi” adıyla adlandırılması tәsadüfi deyildir. Sözügedәn fәsillәrdә dilimizin sait vә samitlәri fonetik vә fonoloji qaydalara vә uyğun linqvistik texnikaya görә tәsniflәndirilir. Eyni zamanda fonem vә onun variantları, funksiya, oppozisiya vә fonoloji sistemin linqvistik özәlliklәri dә konkret dil-nitq faktlarıyla sözügedən fәsillәrdә hərtrəfli tәsvir olunur.

Orfofoniya vә orfoepiya arasındakı fәrqlilik dә sözügedən cildin VI fәslindә göstәrilir. Burada “Orfofoniya dilimizdәki fonemlәrin real tәlәffüz mәziyyәtlәrini, orfoepiya isә dilimizin sözlәrindәki fonem tәrkibini müәyyәnlәşdirmәlidir” (2005, I cild, s. 148.) fikri irәli sürülür. Ancaq türkoloji dilçilikdә nitqin düzgün ifadәsindәn bәhs edilәrkәn söhbәtin mövzusu, təəssüflər olsun ki, hәlә dә orfoepiya lüğәtinin necә tәrtib edilmәsindәn ibarәt olur! Halbuki, “dünya dilçiliyindә buna orfofoniya (düzgün sәslәnmә) lüğәti deyirlәr” (Yenә orada, s. 148), Qeyd olunmalıdır ki, professor Fәxrәddin Veysәlli sözügedәn linqvistik-leksikoqrafik boşluğu Türkoloji dilçilikdə çox mükәmmәl bir şәkildә doldurmuşdur. Onun müәllifliyi vә redaktәsi ilә “Azәrbaycan dilinin orfofoniya lüğәti” (2016) artıq işıq üzü görmüşdür.

Mәlumdur ki, dilçilkdә daha XIX yüzildә fonemlә bәrabәr, başlanğıcda dilin ikinci әn kiçik vahidi olaraq morfem dә tәdqiqata cәlb olunmuş vә morfemika anlayışı meydana çıxmışdır. Ancaq sonralar XX yüzil boyunca linqvistikada morfemlәr öyrәnilirkәn morfologiya termininә daha çox üstünlük verilmişdir. Bu, böyük bir ehtimalla XIX yüzildə yeni dilçilik metod və metodologiyalarının yaranması, XX yüzildə isə həmin təşəkkülün filologiya elmində bir davamı olaraq müəyyənləşən linqvistik nəzəriyyələrin ortaya çıxmasıyla bağlantılıdır.

Klassik Hind-Avropa dilçiliyində və ya onun “Morfologiya” bәhsindә nitq hissələri, morfoloji kateqoriyalar vә söz yaradıcılığı bölmәlәri, әrәb dilçiliyindәki məlum üçlü tәsniflәndirilmәdәn fәrqli olaraq leksemlərin onlu sayı sisteminә әsasәn öyrənilmişdir. XXI yüzildә isә dilçiliyin qrammatika bәhsindә morfologiya ilә bәrabәr, artıq morfonologiya, söz yaradıcılığı morfemika şöbәlәri dә ayrıca yer tutmaqadadır. Bunların içәrisindә “Morfemika” bәhsi daha yenidir vә bugün o sanki XIX yüzildәn XXI yüzilә “transfer” edilməkdədir. Bunu, yuxarıda da göstərildiyi kimi, dilçiliyin XX yüzil boyunca inkişafı, yeni linqvistik nәzәriyyәlәrin meydana çıxması vә XXI yüzildә fәrqli araşdırma yönüm vә yöntәmlәrinin tәtbiq edilmәsi zərurəti tәlәb edir. Heç dә tәsadüfi deyildir ki, görkәmli tatar dilçisi M. Zakiyev “Tatar qrammatikası” (1993) adlı әsәrdә morfemikanın әhәmiyyәtindәn və onun öyrənilməsindən tatar dili materialları әsasında ətraflı olaraq bәhs edir. O, morfemikanın morfonologiya, söz yaradıcılığı, morfologiya vә sintaksis arasında morfem seviyysindә әlaqә saxladığını vә qrammatikanın sözügedәn hәr bir bәhsinin isə özәl olaraq oyrәnilmәsi gәrәkәn obyekti olduğunu vurğulayır. Türkoloji dilçilikdә ilk dәfә olaraq sintaktik bütov, aktual üzvlәnmә vә morfonologiya kimi linqvistik problemlәri dilә gәtirәn M. Zakiyevә görә, “Morfemika morfemlәr haqqında ümumi bir elmdir vә bu vә ya digәr şәkildә morfonologiyaya, söz yaradıcılığınına, morfologiyaya vә sintaksisә aid bir girişdir”(1993:142). Bu baxımdan “Struktur dilçiliyin әsasları” kitabının ikinci cildinin birinci hissәsindә morfemika , ikinci hissәsindә isә sintaqmatika mövzusunun kontrastiv olaraq fərqli dillərin materialları əsaaında tәdqiq olunması çox böyük maraq doğurur. Morfemika bәhsinin “Giriş”indә öncәliklә fonemlә morfemin qarşılıqlı әlaqәsi, fonoloji sәviyyә vә fonoloji vahidlәr, fonemin eynilәşdirilmәsi vә dilin tәsvirindә sәviyyәlәrin iyerarxiyası üzәrindә durulur. “Morfologiya” fәslindә әvvәlcә morfemlәrә hәsr olunmuş ilk mәnbәlәrdәn bәhs olunur, morfem terminini dә dilçilik әdәbiyyatına Boduen de Kurtunenin gәtirdiyi özəlliklə vurğulanır, eyni zamanda morfemlәrin eynilәşdirilmәsi işi vә onların ayrı-ayrı növlәri göstәrilir. “Morfemlәrin eksponent vә semantik planda tәsviri” fәslindә morfemlәr hәm maddi vә ya fonem düzümünә, hәm dә semantik vә ya omonimlik vә çoxmәnalılığına görә Azәrbaycan, alman, ingilis vә rus dillәrindә müqayisәli tәsvir olunur. Burada morfem, morf vә allomorf mәfhumları ayrı-ayrı sxem və dil-danışıq örnəkləriylə açıqlanır, omosemlәr vә çoxmәnalı morfemlәr bir-birindәn konkret özəlliklərinə görə fәrqlәndirilir.

Sözün tәrkibini tәşkil edәn morfemlәr türk dillәrindә də aşağıdakılardan ibarәtdir: kök morfemlәr vә şәkilçi morfemlәr. Ancaq şәkilçi morfemlәr həmin dillərdə leksik-semantik funksiyalarına görә nət olaraq üç hissәyә bölünməlidir: sözdüzәldici vә ya leksik şәkilçilәr: isimdәn isim, feildәn isim, isimdәn feil vә s. düzәldәn şәkilçilәr; sözdәyişdirici vә ya qrammatik şәkilçilәr: isimlәrdә hal, feillәrdә zaman, şәkil, şәxs vә s. şәkilçilәri; formadüzәldici vә ya leksik-qrammatik şәkilçilәr: felin növ, feli sifәt, feli bağlama vә s. leksik-qrammatik kateqoriyaları formalaşdıran şәkilçilәr” (Musayev. Türkoloji dilçilik, 2012, s. 76). Heç də təsadüfi deyildir ki, V. Q. Quzevin sözügedən kitabında feli sifət, feli bağlama və məsdərlərdən türkcədə ikinci bir ad kateqoriyası və ya hərəkətin isimləşməsi kimi bəhs olunur (Quzev 2015: 153-176). Bu da ümumtürk dilinin Hind-avropa dillərindən fərqli bir leksik-semantik özəlliyə sahib olduğunu göstərir.

Professor Fəxrəddin Veysəllinin “Struktur dilçiliyin əsasları” (2008) adlı kitabında yuxarıda adı keçən yardımçı morfemlərdən yalnız sözdüzəldici və sözdəyişdirici şəkilçilər morfematik təhlilə cəlb olunmuşdur. Ancaq, əlbəttə, professor Fəxrəddin Veysəllinin sözügedən əsərində sözün tərkibinin geniş morfematik təhlilinin aparılması, ümumtürk dilində kəlməyə həm yan anlam qazandıran, həm də cümlədəki sözlər arasında qrammatik-sintaktik əlaqələr quran formadüzəldici şəkilçilərin morfem inventarının və məna çalarlarının müəyyənləşdirilməsində önəmli rol oynayacaqdır. “Struktur dilçiliyin əsasları” (2008) kitabının II cildinin “Sintaqmatika” hissəsində isə ənənəvi sintaksisin əsas məsələləri və N. Xomskinin sintaktik konsepsiyası, son vəziyyətlər qrammatikası, söyləm strukturunun qrammatik modeli, transformasional və hal qrammatikasından konkret dil faktlarına görə çox geniş bir aspektdə bəhs olunur.

“Struktur dilçiliyin əsasları” (2009) kitabının III cildində semantika və praqmatikanın işarə-referens, propozisiya, eyni zamanda anlam, məna və məzmun kimi nəzəri və praktik məsələləri, müxtəlif dillərin materialları əsasında hər yönüylə işıqlandırılır. Kitabda məna haqqında elm olan semantika fəlsəfi, məntiqi, semiotik, leksik, sintaktik və praqmatik yönləriylə dilçilik elminin bütün uyğun mənbələrinə görə öyrənilir. III cildin onunucu fəslində “Mətn, diskurs, kontekst və konsituasiya” məfhumları açıqlanır və Azərbaycan mətnini formalaşdıran anaforik və kataforik vasitələr mətn örnəklərində konkret bir şəkildə göstərilr. Beləliklə, Azərbaycan dilində XX yüzil strukturalizmi və dilcilik elmi haqqında professor Fəxrəddin Veysəllinin yazdığı Struktur dilçiliyin əsasları” adlı trilogiya da tamamlanmış olur.

XIX yüzüilin sonları və XX yüzilin ilk qərinəsində həm dilçilik, həm də semiotika elmində linqvistik-semiotik işarələrin mahiyyəti, növləri və funksiyalarından bəhs edilir, işarə nəzəriyyəsi və sistemləri müəyyənləşdirilir. Bununla da hər iki elm sahəsində işarələrdən və onların birləşdirilərək öyrənilməsindən söhbət gedir. Birincisində sərbəst cəciyyəli dil, ikincisində isə sintaktik, semantik və praqmatik olaraq öyrənilə bilən semiotik işarələr tədqiqata cəlb olunur. Heç də təsadüfi deyildir ki, modern dilçiliyin qurucusu Ferdinant de Sössür daha o zamanlar yüz ildən sonra hər iki elm sahəsinin birləşəcəyini söyləyirdi. İndi hər iki elm sahəsində çox önəmli nailiyyətlər qazanılmış və artıq linqvistik araşdırmalarda semiotik yönüm və yöntəmlərdən istifadə edilmsində müəyyən təcrübə də əldə edilmişdir. Ferdinant de Sössürün söylədiyi kimi dil işarələri və semiotik işarələrin artıq semiotika adı altında öyrənilə biləcəyi tcrübəsi professor Fəxrəddin Veysəllinin “Filoloqun studiyası” (‘2005-2015) adıyla adlandırılan çoxcildli əsərinin IV cildi olaraq yayımlanan “Semiotika” (2010) adlı kitabında gerçəkləşmişdir. Kitabda işarələrin mahiyyəti, növləri və funksiyaları açıqlanır, onların fəlsəfi baxımdan şərhi verilir, semiotika və semiologiyanın aşağı yuxarı eyni şey olduğu vurğulanır, dil və dilçilik fəlsəfəsi bir-birindən fərqləndirilir, semiotikanın tarixinə sərf-nəzər edilir və s.

Professor Fəxrəddin Veysəlli “Filoloqun studiyası” adlı çoxcildli kitabının beşinci cildini rus dilndə yazmışdır. Bu kitab “Elementı obşey i çastnoy linqvistiki” (2011) adıyla adlandırılmışdır. Kitabda dilçiliyin obyekti, predmeti və onun digər fənlərlə əlaqəsi, fonetika və fonologiya, linqvistik təhlilin metodları kimi məsələlər işıqlandırılmışdır. Söz konusu çoxcildli kitabın “Dilçiliyin əsasları” (2013) adıyla adlandırılan VI cildi isə iki hissədən ibarətdir. Birinci hissədə dilin və dilçiliyin aktual məsələləri, dilin əmələ gəlməsi, yayılması və yox olması, ikinci hissədə isə dilin daxili quruluşu öyrənilmişdir. Kitab daha geniş bir oxucu kütləsinə xitab etməkdədir.

Bilindiyi kimi, konseptlərin dərk olunması, insan zehnində işlənilərək biliyə dönüşümü və təfəkkürə ötürülməsi prosesini koqnitiv elm, varlıq simvollarının dəyişimlərinə dair fakt və hadisələr, duyğular və intellektual fəaliyyət vasitsilə yaranan biliklərin təfəkkürdə əks olunmasını isə koqnitiv dilcilik öyrənir. Professor Fəxrəddin Veysəllinin “Filoloqun studiyası” adlı çoxcildli kitabının “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri” (2015) adıyla adlandırılan yeddinci cildində də sözügedən linqvistik elmin əsas vahidləri, koqnitiv semantika, konseptin mental və neyronal əsasları, uşaq dili, iki və çoxdillilik problemi kimi nəzəri-tətbiqi məsələlər işıqlandırılır.

Sözardı

Fәxrәddin müәllim indi ömrünün müdriklik çağını yaşayır. Bizim 1950-60-cı illәrdә başlayan dostluğumuz, fikir mübadilәlәrimiz, qarşılıqlı hәyәcanlarımız, çalışmalarımız vә elmi yaradıcılıq әlaqәlәrimiz XXI yüzildә dә fasilәsiz olaraq davam etmәkdәdir. O, bugün dә kitablarının, mәqalәlәrinin vә müxtәlif yazılarının üzәrindә heç durmadan işlәmәkdәdir. Fәxrәddin müәllim yeni çıxan linqvistik әdәbiyyatı; kitabları, mәqalәlәri vә gündәlik dövri mәtbuatı çox diqqәtlә tәqib etmәkdә vә dәyәrlәndirmәkdәdir. Yubilyarı 75 yaşının tamam olması münasibәtilә ürәkdәn tәbrik edirәm. Ona bundan sonrakı hәyatında da ailәsi, uşaqları, nәvә-nәticәlәriylә birlikdә möhkәm cansağlığı vә yeni yaradıcılıq zirvәlәrinә yüksәlmәyi arzulayıram.

 

Prof. Dr. Mehman Musaoğlu

Gazi Üniversitesi Edebiyat Fakültesi

Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü

öyretim üyesi