Fəxrəddin  VEYSƏLLİ

Filologiya elmləri doktoru, professor

   
   
   
   
   
   
Baş səhifə
   
Haqqında
Kitablar
Məqalələr
Şəkillər
Video
“Azərbaycanda xarici dillər” jurnalı
Hesabatlar
Arxiv
Əlaqə
   
   
   
   
   
17.04.2018

F.Veysəlli

Cümhuriyyətin 100 illiyi və əlifbamızın problemləri

28 may 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündür. O vaxtdan 100 il keçir. Azərbaycan bu gün fəxrlə həmin Cumhirriyyətiun yaranmasının 100 illiyini təntənəli şəkildə qeyd edir. Həyatımızın bütün sahələrində yeniliyə can atan Cümhuriyyət dil sahəsində də xeyli iş görmüşdür. Biz irəlidə konkret olaraq Cümhuriyyətin əlifba sahəsində gördüyü işlərdən danışacağıq1. Məlumdur ki, M.F.Axundzadədən başlayan əlifba davası Cümhuriyyət dövründə yeni vüsət almışdır. 23 aylıq hakimiyyəti dövründə Cümhuriyyət dil sahəsində o qədər geniş həcmli işlər görmüşdür ki, onların xronoloji şərhi xeyli vaxt tələb edər.
Başlayaq Cumhuriyyətin dil və əlifba sahəsində ilk hərəkətlərindən. Yeni yaranan Xalq Cümhuriyyəti cəmi bir ay sonra – 27 iyun 1918-ci ildəxalqın dilini türk dövlət lisanı adlandıraraq Azərbaycan türkcəsini dövlət dili elan etməsilə bağlı qanun qəbul etdi. Bu, xalqın tarixində dövlət dililə bağlı ilk rəsmi sənəd olmaqla millətin taleyüklü məsələsini həll etməkdə ideoloji mövqeyin ortalığa qoyulması idi. O sənəddən irəli gələn məsələlər vaxtaşırı parlamentin iclaslarında müzakirə olunurdu. Qeyd edək ki, AXC təkcə qərarlar verməklə işini bitmiş hesab etmirdi, o həmçinin dil, tədris və ümumiyyətlə maarif sahəsində yorulmadan yeniliklər etməyə çalışır, XIX əsrin sonlarında əsası böyük M.F.Axundzadədən başlayan əlifba mücadiləsini bütün mövcudluğu dövründə bir an belə unutmayıb. Bu dövrdə F. Ağazadəkimi ziyalılar sinəsini qabağa verərək latın qrafikasına keçmək uğrunda ardıcıl şəkildə mübarizə aparırdılar.F.Ağazadə mətbuat səhifələrində tez- tez çıxış edir, əlifba layihələri haqqında xalqı məlumatlandırır və əlifba məsələlərini daim diqaqət mərkəzində saxlayırdı.Bütün bunların sonu olaraq 21 mart 1919-cu uldə parlamentdə Xudatat bəy Məlik Aslanovun məruzəsi dinlənildikdən sonra 427 saylı “Ərəb əlifbası islahatı üzrə komisiyanın yaradılması haqqında” AXC Nazirlər Şurasının qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə xalq maarifi naziri yanında xüsusi komissiya yaradılır. F.Ağazadə komissiyanın üzvü idi, amma ehtimalla xəstəliyinə görə onun iclaslarında ardıcıl iştirak edə bilmirdi. Ancaq o, “Azərbaycan” qəzetinin 1919-cu il 276, 278, 281, 294, 296 və 302-ci saylarında “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı sislsilə məqalələr çap etdirir. Həmin məqalələrdə F.Ağazadə ərəb əlifbasının dilimizin fonetik- fonoloji sisteminə yaramadığını sübut edərək latın əlifbasına keçidi yeganə düzgün yol hesab edir.
Cümhuriyyətin yaratdığı komissiyada 3 layihə qızğın müzakirə edilir: Abdulla bəy Əfəndizadənin, Məmmədağa Şaxtaxtılınınvə A. Tağızadənin Mir Əbdüləziz Seyidovla birlikdə tərtib etdikləri layihələr. Uzun mübahisələrdən sonra A.Əfəndizadənin “Son türk əlifbası” layihəsi qəbul edilərəkonun çapına icazə verilir. Lakin bolşevik çevrilişi onun tətbiqinə imkan vermir.F.Ağazadə bunu boş- boşuna əllərdə qalmış layihə hesab edirdi. Qeyd edək ki, xeyli sonralar I Türkoloji Qurultayda əlifbaçılar 4 istiqamətdə qruplaşmışdılar: islahatçılar, ərəbiçilər, rus əlifbası tərəfdarları və yeni əlifbaçılar, yəni latınçılar.2
Az müddətdə əlifba sahəsində həlledici qərarlar verib, lakin onları həyata keçirə bilməyən Cümhuriyyətdən sonra bu ideyalar həmişə yenidən qaldırılır və əlifba məsələsi aktual olmaqda davam edir3.
1921-ci ildən başlayaraq N.Nərimanovun təşəbbüsü ilə əlifba və dil məsələsi yenidən müzakirə obyekti olur. Özü də bu dövrdə “latınçılr” və “ərəbçilər” arasında ciddi mübarizə gedirdi.”Latınçılar “F.Ağazadənin rəhbərliyi altında 8 nəfərdən ibarət qrupda fəaliyyətə başlayırlar: Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtılı, Azad Əmirov, Əhməd Pepinov və Hüseyn İsrafilbəyov.4 Bu dövrdə islahatçılar da xeyli qüvvə ilə ərəb əlifbasında dəyişikliklər etmək istəyirdilər. Sonda latınçılart qalib çıxdılar. Ərəbçilərin aşağıda sadalanan dəlilləri bunlar idi:
1. Əlifbanın çətinliyi mədəniyyətin geridə qalmasını şərtləndirə bilməz. Əks təqdirdə ərəblərin mədəniyyəti olmazdı. İngilislərin və fransızların yazısı da xeyli çətindir, ancaq bu onların mədəniyyətinin geri qalmasına dəlalət etmir.
2. Ərəb yazı sistemindən istifadə edən ərəblər və farslar heç vaxt şikayət etmirlər.
3. Belə olan halda latın əlifbasına keçməyə nə ehtiyac var?
4.Latın əlifbası qəbul olunarsa,ərəb əlifbası ilə yazəlmış köhnə ədəbiyyat necə olacaq?
5.Ümumi xalq kütləsi latın qrafikalı əlifbanı heç cür qəbul etmək istəmir.
6.Azərbaycan Cumhuriyyəti bu tədbir üçün darlıq təşkil edir, biz bunu qəbul etsək,ümumi islam mədəniyyətindən ayrı düşərik.
7. Əgər latın əlifbası qəbul olunacaqsa, bunu təkamül yolu ilə etməliyik.
Göründüyü kimi, bunların hamısı dilxarici amillərdir. Ərəbçilərin gətirdiyi arqumentlərin içərisində bir dənə də olsun linqvistik kriteriya yoxdur.Halbuki bu yerdə qəbul olunacaq əlifbanın dilimizə yararlı olması dəlilləri gətirilməli idi, ya da ərəb əlifbasının çatışmazlıqları açılıb göstərilməli idi.
Fikrimizcə, latın əlifbasının üstünlükləriaşağıda göstərilən amillərlə danılmazdır. Əvvəla, latın əlifbası inventarında işarələrin sayı- 25-dir. Sonralar “x” da ona əlavə edilərək işarələrin sayı 26 oldu. İkincisi, latın əlifbasında saitlərin və samitlərin hər birinin öz işarəsi vardır.Üçüncüsü, hər yerdə qrafemlərin eyniliyi prinsipi gözlənilir. Dördüncüsü, yazının soldan sağa istiqamətdə olmasıdır.Beşincisi, işarələrin vizual baxımdan kifayət qədər fərqli olması və çapda ayrı yazılmasıdır. Nəhayət, altıncısı, latın əlifbası qənaətlilik prinsipinə uyğundur. Ərəb əlifbasında isə 6 hərfdən başqa digərlərinin 4 cür yazılışı var, yazının sağdan sola olması, bir nöqtənin yeri səhv düşəndə sözün tam başqa cür oxunması onu xeyli mürəkkəbləşdirir. Məsələn, kor- gor və s.5
O zaman hər iki tərəfə tutarlı və sanballı layihə hazırlayıb hökumətə təqdim etmək təklif olunsa da, yalnız latınçılar layihə hazırlayıb onu bir neçə dəfə müzakirədən keçirəndən sonra hökümətə təqdim etdilər və hökümət də onu qəbul etdi. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında yeni əlifba komitəsi (AYTƏK) yaradıldı. Bu zaman əsas məqsəd kimi dilimizdə yazı sistemini sadələşdirmək və latın qrafikasına keçmək idi. Komitənin tərkibinə Səməd Ağamalıoğlu, F. Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov daxil edilmişdilər. Arxiv materialları Komitənin işi barədə dəqiq məlumat versə də, AYTƏK-nin yaranma tarixi, sədri, ilk tərkibi haqqında müxtəlif versiyalar mövcud olsa da, konkret məlumat almaq çox çətindir.Məsələn, Komitənin sədrinin kimliyi qeyri- müəyyən qalır, hərçənd ki, 1922-ci ildə müxtəlif qurumlara S. Ağamalıoğlunun imzası ilə xeyli məktubgöndərilir. Araşdırmalar göstərir ki, 1922-ci ilin noyabrın 20-nə qədər F. Ağazadə sədr olsa da, bu tarixdən etibarən A.Tağızadə Komitəyə sədrlik etmiş, yalnız 1923-cü ilin mart ayındanKomitəyə əvvəllər ona fəxri və siyasi sədrlik etmiş S.Ağamalıoğlu sədr , F.Ağazadə isə sədr müavini və nəşriyyat şöbəsinin müdiri təyin edilir.F.Ağazadə ayağından müalicə olunsa da, onun sədrliyilə keçirilən iclasda (14 iyul 1922) Azərbaycanda və onun kənarlarında bir sıra yayonlarda (Şuşa, Qazax,Tovuz, Gəncə və s., habelə Türküstan, İrəvan və Tiflisdə, 1923-cü ildə isə Qubada və Cəbrayılda) komitələr yarandı və onlar əlifbada düzülüş qaydalarını müəyyən etməyə nail oldular. Özü də o zaman A. Tağızadə ilə M.Seyidovun layihəsindən daha çox istifadə edilmişdi.A.Əfəndiuzadə ilə M.Şaxtaxtılının layihələri keçməmişdi. 1919-cu ildə də Maarif Nazirliyi yanında müzakirə edilən 3 layihədən biri A.Tağızadə ilə M.Seyidovun birgə hazırladıqları layihə idi. Deməli, keçən 3 il ərzində bu adamlar latına keçmək layihəsini hazırlayıb qəbuluna nail olmuşdular.Ümumiyyətlə, əlifba hərəkatı başlayandan F.Ağazadə, Məmmədağa Şaxtaxtılı, Həmid Şaxtaxtılı, Abdulla Əfəndizadəvə Mirəziz Seyidov layihələr təklif etməkdə fəal olmuşlar. Onların hər birinin öz layihəsi olmuşdur. AMİK 20 oktyabr 1923-cü il tarixli qərarı ilə latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu hesab edilmiş, ancaq 27 iyun 1924-cü il tarixli qərarla məcburi və dövlət əlifbası olmuşdur. Eyni zamanda Azərbaycan SSR-də 1925- ci ildə Yeni Türk Əlifbası haqqında İV Ümumazərbaycan Sovetlər qurultayının qərarında göstərilirdi ki, 1925/26-cı tədris ilindən bütün birinci pilləli məktəblərdə yeni türk əlifbası tətbiq edilsinvə hər il növbəti qruplara keçmək şərtilə 1932/33-cü tədris ilində 1-ci və 2-ci pilləli məktəblərdə tədris latın əlifbası ilə aparılsın.Həmin qərarda qeyd olunurdu ki, keçidin baş tutmadığı qruplarda 8 illik müddət ərzində tədris köhnə əlifba üzrə aparılsın.Bu qərarda həmçinin deyilirdi ki, bütün müəssisələr gəlirlərinin müəyyən hissəsini yeni şriftlər almağa və yeni əlifba ilə nəşr işlərinə yönəltsinlər. Eyni zamanda kargüzarlıq işlərinin yeni əlifba ilə həyata keçirilməsi təklif olunur və latın əlifbası üzrə kursarın təşkili tövsiyyə olunurdu. Bakı şəhərində şrifttökmə müəssisəsinin təşkili də qərarda öz əksini tapmışdı.
Beləliklə, 23 aylıq fıəaliyyəti dövründə AXC dillə bağlı xeyli iş gördü, həmin işlər sonralar bu məsələ ilə bağlı qərarların qəbul edilməsinə yardımçı oldu, yeni cığır açdı.Bunun nə qədər vacib olduğunu 1926-cı ildə (26.II-5.-III 1926)Bakda keçirilən I Beynəlxalq Türkoloji qurultay da tyəsdiq edir. Qurultayın 9-13-cü iclasları əlifba məsələlərinə həsr olunmuşdu.Orada A.Əfəndizadənin hazırladığı “Son Türk əlifbası” layihəsini qəbul edildi.
1922-ci ildə S.Ağamalıoğlunun təşəbbüsü iləı B. Çobanzadə Bakıya dəvət olunmuş və latın əlifbasına keçidin elmi əsaslarını hazırlamaq bu alimə tapşırılmışdı.
Burada əlifbanın elmi əsasları barədə bir neçə kəlmə demək yerinə düşər. Əvvəla, əlifbada işarələr vizual baxımdan kifayət qədər fərqli olmalıdır. Hər bir fonemin öz işarəsi olmalıdır. Bu ideal yazıdır.Əlifba vahid olmalı, hər bur dilə xas olan spesifik cəhətləri ya diakritik işarə ilə, ya da kombinasiyalı prinsipdən istifadə etməklə vermək olar. Məsələn, Azərb. dilində /ü,ö,i/ fonemləri /u,o,ı/ saitləri üzərində diakritik işarə qoymaqla ifadə olunub. Bizim /ə/ fonemimiz də „a” üstündə iki nöqtə ilə verilməli idi. Bu simmetriya qanunudur. Bizdə bu qanun pozulub, çünki /Ə/ latında olmayan bir işarə ilə verilib. Kombinasiya qənaət prinsipinə əsaslnır. Məsələn, // fonemini „sh” qrafem birləşməsilə vermək olardı. Onda „ş”və „ç”işarələrinə ehtiyac qalmazdı. Digər tərəfdən, əlifbada hər bir hərfin öz sıra nömrəsi olmalıdır. Məısələn, „a” 1, „b” 2, „c”3-ə uyğun gəlir. Bizdə sıralanma pozulmuşdur. İndi bizim əılifba calaq əlifbadır. „ə”, „ş”, „ç” və s. işarələri kombinasiya etməklə vermək olardı. Deyilənlər nəzərə alınsa, əlifbamız kamil və elmi olar. Bu bizim beynəlxalq yazışmalarımıza, internetdən istifadəmizə, toponimlərimizin başqa dillərə transliterasiyasına ciddi kköməklik göstərərdi.

Ədəbiyyat

1 Ətraflı məlumat almaq üçün bax: Veysəlli F. I Türkoloji qurultay-80 il əvvəl, sonra və əlifbamızın həll olunmamış problemləri.I Beynəlxalq Türkoloji qurultayın 80 illiyinə həsr olunmuş Beynəlxalq konfransın materialları. Bakı, 2008, s. 29-40. Yenidən çap olunub: F.Veysəlli. “Seçilmiş əsərlər. I”. Bakı, 2009, s.158-167.
2Yenə orada, s. 161.
3Yenə orada, s. 162.
4İbrahimov E. Azərbaycan Xalq Cumhuriyyəti və əlifba məsələləri. 525-ci qəzet. Bakı, 3 mart 2018-ci il, s.15-19.
5Veysəlli F. Göstərilən əsəri.