Məşhur ailmin “Dilçiliyə giriş” kitabı təqdim edildi
Oktyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov açaraq “Dilçiliyə giriş” fənni ilə bağlı dilçilərimiz tərəfindən bir sıra kitablar yazıldığını bildirdi. Qeyd etdi ki, növbəti belə bir kitabı görkəmli dilçi Fəxrəddin Veysəlli yazıb. Sonra söz kitabın müəllifinə verildi.

Professor F.Veysəlli müəllifi olduğu dərs vəsaitinin özəlliklərindən, kitabda əhatə edilən mövzulardan danışdı. Dilçinin fikrincə, indiyə kimi bu adla bir neçə kitab yazılsa da, onların çoxusu ilkin qaynaqlara əsaslanmayıb, daha çox rus dilçiliyinin təsiri ilə yazılıb: “Mən kitabı haradasa 8 ilə yazmışam, gərək olan bütün fikirləri müxtəlif dillərdəki ilk qaynaqlardan oxumuşam. Məqsədim dünya dilçilik ənənələrini Azərbaycana gətirmək, müəllim və tələbələri elmin yeni uğurları ilə tanış etmək, nəzəriyyə ilə təcrübəni bir-birilə bağlamaqdır.”

F.Veysəlli qeyd etdi ki, kitab 20 fəsildən ibarətdir, hər bölmənin sonunda ədəbiyyat siyahısı və yoxlayıcı suallar verilib.
Tədbirdə professor Qulu Məhərrəmli, dosent Cəmil Babayev, şair Zakir Fəxri və başqaları çıxış edərək müəllifin yeni kitabı haqqında düşüncələrini söylədilər. Çıxışçılar professor F.Veysəllinin kitablarının təkcə elmi yox, həm də populyar dildə yazıldığını vurğuladılar, alimin dilçilyimizin irəli getməsində göstərdiyi işlərdən söz açdılar.

Bildirildi ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, bu elmin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili quruluşunu açır, söz və cümlə semantikasını çağdaş nəzəriyyələr baxımından şərh edir.
Qeyd edək ki, bu il görkəmli alimin Almaniyada iki kitabı çap olunub. Onlardan biri rus – “Лингвистические основы азербайджанской письменности” (“Azərbaycan yazısının linqvistik əsasları”), o birisi isə alman – “Einführung in die Phonologie” (“Fonologiyaya giriş”) dilindəddir.



|