Fonoloq alimin xaricdə uğurları
 Bir müddət əvvəl həmyerlimiz, görkəmli alim filologiya elmləri doktoru F.Y.Veysəlliyə Almaniyadan xoş xəbər gəlmişdi. Xəbərdə deyilirdi ki, etiraz etməsəydiniz Sizin rus dilində Bakıda 2015-ci ildə çap olunan «Письмо» adlı kitabınızı Almaniyada Lambert Academic Publishing (LAP RU) öz nəşriyyat planına daxil etmək istəyir. Qeyd edək ki, bu kitabı bakılı alim Kazaxstan Türk Akademiyasının sifarişi ilə 2011-2013-cü illərdə «Türk məkanı qlobalizasiya şəraitində: siyasi-iqtisadi və sosial-mədəni proseslər» proqramı çərçivəsində «Ümumtürk orfoqrafiyası: latın qrafikasının türk dillərinə tətbiqinin fonoloji və praktik məsələləri» adlı işin «Azərbaycan əlifbasının linqvistik əsaslarının tədqiqi» mövzusunun öyrənilməsinə həsr olunmuşdur.
Kitab 7 fəsildən və nəticədən ibarətdir. Kitabda Azərbaycan türkcəsinin saitlər sistemi yeni nəzəriyyə əsasında tədqiq olunur, dilin fonem inventarının müəyyənləşməsi ənənəvi minimal cütlər qarşılaşmasına və fonemin mənafərqləndirmə kriteriyasına əsasən müəyyənləşməsinə deyil, avtonomluq nəzəriyyəsinə əsaslanır. Bu həddindən artıq orijinal nəzəriyyədir və F.Veysəlli Leninqrad Fonoloji məktəbinə əsaslanaraq Azərbaycan dilinin fonem inventarını bu nəzəriyyəyə əsasən müəyyənləşdirir. Bu kitabda müəllif fonemin mənafərqləndirmə funksiyasını əsas götürmür, yalnız onun potensiyada məna ilə bağlılığından çıxış edir. Bu konsepsiya prof. F.Veysəllinin bir sıra əsərlərində, habelə çoxlu miqdarda hazırladığı elmi kadrların dissertasiyalarında öz əksini tapmışdır. Kitabın o biri 6 fəslində dünyada yazının meydana gəlməsi, Azərbaycan yazısının kökləri (burada M.Kaşğarlı, S.Ə.C. İbn Mühənnanın xidmətləri açılıb göstərilir), Azərbaycanda latın qrafikasına keçmək uğrunda mübarizənin öncüllərinin, xüsusilə M. F. Axundzadənin fəaliyyəti, eyni zamanda Azərbaycanda linqvistik fikirlərin inkişafı, sovet dönəmində Azərbaycan xalqının latın əlifbasına keçmək uğrunda çabaları və sonda əlifbanın yazı mədəniyyətinin güzgüsü olması barədə məsələlər elmi cəhətdən araşdırılmış və latın qrafikalı əlifbamızın həll olunmamış problemləri də öz həllini tapan məsələlərdəndir. Yuxarıda adını çəkdiyimiz «Письмо» kitabı diqqətlə nəzərdən keçirilmiş, xeyli əlavə və qeydlərlə Almaniyada «Лингвистические основы азербайджанской письменности» adı ilə yenidən çap olunmuş və rusdilli oxucuların istifadəsinə verilmişdir. Kitab haqqında internetdə info@omniscriptum.com ünvanda məlumat almaq və ona abunə yazılmaq olar.
Həmin alman nəşriyyatından həmyerlimiz alimə gələn ikinci məktubda isə daha bir layihədən söhbət gedir. 2008-ci ildə Azərbaycanda çap olunan «Einführung in die Phonologie. I» («Fonologiyaya giriş. I») əsərini həmin nəşriyyat çap etmək üçün prof. F.Veysəlliyə müraciət etmişdi. Müəllif bir az götür-qoydan sonra kitabın Almaniyada «LAP RU» nəşriyyatında çap olunmasına razılıq verdi. İndi həmin kitab alman dilində nəfis şəkildə çap olunaraq almandilli mütəxəssislərinə ixtiyarına verilmişdir. Bu kitabı «amazon.ru» saytına girib sifariş vermək olar. Qeyd edək ki, bu, həmyerlimiz F.Veysəllinin xaricdə çap olunan sayca dördüncü kitabıdır.
Xeyli əvvəl Fəxrəddin müəllimin Türkiyə türkcəsinə tərcümə edilib (tərcüməçi prof. M.Musaoğlu) Ankarada çap olunan «Azərbaycan türkcəsinin fonetiği» (2008) adlı kitabı qardaş ölkədə çox maraqla qarşılandı və türk universitetlərində bu kitabdan dərs vəsaiti kimi geniş şəkildə istifadə olunur.
 Ümumiyyətlə Türkiyədə bizim görkəmlii alimimizin yaradıcılığına böyük maraq vardır. Onun bir neçə məqaləsi, kitabları haqqında müsbət rəylər oranın nüfuzlu jurnallarında vaxtaşırı çap olunur. Məsələn, «Dilçilik ensiklopediyası» haqqında çap olunmuş böyük rəy dediklərimizə sübutdur. 2016- ci ildə isə alimin «Phonetics and Phonology Problems» adlı kitabı ingilis dilində «Cambridge İnternational Press» nəşriyyatında işıq üzü görmüşdür. Kitabın ingilis dilinə tərcüməçisi həmyerlimiz dos. V.Ərəbovdur. Kitabın naşiri ingilis alimi Devid Pərridir.
Alimin yaradıcılığına xaricdə və ölkəmizdə maraq durmadan artır. Onun bu yaxınlarda Rusiya EA Sibir Bölməsinin Filologiya İnstitutunda çap olunan beynəlxalq «Kritika və semiotika», «Sibir xalqlarının dillərinin tədqiqi» jurnallarının redaksiya heyətinə daxil edilməsi və dünyada və Rusiyada çap olunan və yazılan dissertasiyalarda ona istinadların sayının artması, xüsusilə 1990-cı ildə müəllifin «Вопросы языкознания» (1990. № 2, s. 72-80) bir daha onun ölkəmizdən kənardlarda nüfuzunun artmasına sübutdur.
Bunlar hamısı Fəxrəddin müəllimin yorulmaz elmi fəaliyyətinin nəticəsidir. Onun «Azərbaycan dilini orfofoniya lüğəti» adlı fundamental əsəri dilçiliyimizə təmənnasız töhfəsidir. Ola bilsin ki, dilçilərimizin indiki nəsli bu əsəri layiqincə qiymətləndirə bilmir. Ancaq gələcək nəsillər bu əsərin əsl qiymətini verəcək və Fəxrəddin müəllim layiq olduğu hörmətə yiyələnəcəkdir.
|