Tətbiqi dilçiliyin əsas istiqamətləri
Oktyabrın 20-21-də Azərbaycan Dillər Universitetində keçirilən “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransın plenar iclasında professor Fə.Veysəllinin çıxışı
Dil insan həyatının bütün sahələrində özünü göstərir. Evdə, işdə, səfərdə, ticarətdə, dostlarla münasibət quranda, sevgi macəralarında, düşmənə qarşı mövqe nümayiş etdirində, siyasətdə, seçki marafonunda dil daim insanın əlində bir alət olur. Yaxşı dil səriştəsi və ondan yerində bacarıqla istifadə bütün uğurların mənbəyidir. Həyatda uğursuqların da kökü dil fəaliyyətindəki inamsızlıqla bağlıdır. Biz dil bilgisini dil haqqında bilgidən fərqləndirməliyik. Dil bilgisi dildə danışmaq bacarığını ehtiva edir. Bu. dildaxili qaydalara əməl etməklə (fonoloji, morfoloji, leksik, qrammatik aspektlərin tələblərinə cavab verən bilik və vərdişlər toplusuna yiyələnməklə) ünsiyyətə girmək deməkdir. Dil haqqında bilgi isə hər hansı bir dili elmi cəhətdən öyrənmək, tədqiq etmək, araşdırmaq isə şəxsin dilçilik sahəsindəki fəaliyyətidir. Dilçi alim dil haqqında bilgilərlə zəngin olmalı, çünki o, dilin daxılı strukturuna müdaxilə edib onun systemliliyini üzə çıxartmalıdır. Dil daşıyıcısı isə dildən öz sosial ehtiyaclarını ödəmək üçün bir alət kimi istifadə etməyi bacarmalıdır. Bütün başqa əmək alətlərindən fərqli olaraq dil, insanın və bütövlükdə cəmiyyətin daxili aləmilə bağlı olub, konkret bir dil çərçivəsində uşaqlıqdan formalaşmış ünsiyyət alətidir. V.fon Humboldt demişkən, insanların danışığı onların ruhudur, canıdır və onların ruhu, canı isə onların ünsiyyətidir. Dil fəaliyyəti daimi insanın həyatı ilə bağlı mental fəaliyyətdir. Yeri gəlmişkən qeyd edək ki, dünya dilçilik tarixində mühüm rol oynamış, lakin oldt, sağlığında F. de Sössürün “Cours”-un onun adından bu şəkildə çapı ilə heç cür razılaşa bilməyəcəyini mütəxəssislər ötən əsrin 50-ci illərindən bəri apardıqları araşdırmalarda dəfələrlə sübut etmişlər. Ziddiyyətlərlə dolu olan “Cours” F.de Sössürün dil ideyalarını deyil, naşıirlərin (Ş.Balli və A.Seşeye) xəyallarını əks etdirir. Semioloji vahidlərin (işarələrin- F.V.) identicliyinin müşahidə olunan əlamətlərinə (substansiyasına-F.V.) görə olmadığını vurğulayan F.de Sössür yazırdı: “... əksinə, onların identikliyi ruhun sintetik fəaliyyətinin, identiklik üzrə hökmün nəticəsidir”/ (F. de Saussure. Linguistik und Semiologie. Notizen aus dem Nachhlaß- Suhrkamp 1997, s. 298). Yalnız belə olduqda dil vahidlərini distinktiv və özü kimi dərk etmək və tədqiq etmək olar. Bugünkü koqnitiv dilçiliyin köklərini V.von Humboldt, İ.A. Boduen de Kurtene, L.V.Şerba və onlarca klassiklərin irsində axtarmaq lazımdır.
Dillərin və ya dilin tədrisi digər tətbiqi dilçilik problemləri kimi daima cəmiyyətin diqqət mərkəzində olan məsələdir. Artıq 3000 ilə yaxındır ki, dilçiliyin inkişafı bir növ dillərin öyrənilməsinə, başqa xalqların mədəniyyətlərilə tanış olmaq, yaxşı cəhətləri əxz etmək tələbatından irəli gələrək formalaşmışdır. Böyük M. Kaşğarlının, dahi S.C. İbn Mühənnanın, hələ XIX əsrin ortalarında xaricilərə Azərbaycan dilini öyrədən M.Ş. Vazehin və ya Şərqdə komediya janrının banisi M.F.Axundzadənin və başqalarının elmi-pedaqoji fəaliyyətləri türk dili, mədəniyyət və ədəbiyyatlarını başqa xalqlara öyrətmək və təmasda olduqları xalqların təmsilçilərindən onların dilini, mədəniyyətini və ədəbiyyatını öyrənmək məqsədinə yönəlmişdi.
Qeyd edək ki, tətbiqi dilçiliyin əhatə dairəsi çox genişdir. Buraya daxil olan problemləri qısa şəkildə belə sıralamaq olar:
1.Dünyada ilk əlifbaları tərtib edən və sonralar əlifbası olmayan xalqlar üçün əlifbanın tərtibi. Məlumdur ki, Azərbaycan xalqı uzun müddət ərəb əlifbasından istifadə etmişdir. Sovet dönəmində biz kiril əlifbasına keçməli olduq. Lakin 1926-cı ildə Bakıda keçirilən 1-ci Türkoloji Qurultay Azərbaycanın latın əlifbasına keçməsi barədə qərar qəbul etdi. 1929-cu ildə biz latına keçsək də, bu, uzun sürmədi. İmperiya ideologiyasına ləbbeh deyən “ziyalılarımızın səyi” sayəsində biz 1939-cu ildə yenidən kiril əlifbasına qayıtdıq. Ancaq əlifba uğrunda dartışmalar 1991-ci ilədək davam etdi və yalnız müstəqilliyimiz elan edildikdən sonra biz, nəhayət, ədaləti bərpa edib M.F.Axundzadənin ideyalarını bərqərar edə bildik. Sovet dönəmində yazısı olmayan xalqlar üçün yeni əlifbanın yaradılması tətbiqi dilçiliyin ən böyük nailiyyətlərindən idi. İndi istifadə etdiyimiz latın əlifbasında 26 hərf var. İlkin variantda bu əlifbada 25 hərf olmuşdur. Orada “zet” olmayıb. Məlum olduğu kimi, əlifbada hər hərf öz yerində müəyyən rəqəmə uyğun yerləşdirilmişdir. 24- cü “x” və 25-ci “y” hərfləri olub. “Z”-in yerində isə “Gen” sözü olub, çünki ayrı-ayrı hərflərin əlifbada yeri “gen” üçün 26 mənasını verirdi. “G” əlifbada 7-ni, “e”-5-i, “n” isə 14-ü bildirirdi. “Gen”ə daxil olan hər hərfin bildirdiyi rəqəmlərin cəmi 26-ya bərabərdir. Geyd edək ki, əlifbada “gen” əvəzinə 7-5-14-də ola bilərdi.
2.Müxtəlif lüğətlərin tərtibi prinsiplərinin hazırlanması tətbiqi dilçiliyin ən böyük nailiyyətlərindən hesab olunmalıdır. Buraya izahlı, ikidilli, ensiklopedik, sahə lüğətlərinin, terminoloji lüğətlərin hazırlanmasını aid etmək olar. Dünyada leksikoqrafiya sahəsində Y.Qrimmdən başlanan böyük işlər tezliklə Avropada geniş yayıldı və bir- birinin ardınca yeni lüğətlər hazırlanıb çap olundu. Azərbaycanda lüğətçilik sahəsində əldə olunan nailiyyətlərin çoxu ötən əsrin ikinci yarısından sonrakı dövrə təsadüf edir. Ə.Orucovun ( 1905- 1987 ) lüğəti, M.Tağıyevin (1921-1994) Rusca- azərbaycanca və Azərbaycanca-rusca lüğətləri böyük kartotekaların hazırlanması ilə ərsəyə gəlmişdir. C.Cəfərovun (1904-2087) Almanca-azərbaycanca, M.Quliyevanın (1934) Fransızca- azərbaycanca, O.Musayevin (1929) İngiliscə-azərbaycanca və Azərbaycanca- ingiliscə ikidilli lüğətləri və s., F.Veysəllinin (1943) redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopediyası” və “Azərbaycanca- almanca” lüğətləri tətbiqi dilçilik sahəsində irəli atılmış uğurlu addımlar sayıla bilər. Buraya sahə, ensiklopedik, terminoloji və s. lüğətlərini də əlavə etsək, təkcə bizim respublikada tətbiqi dilçiliyin bu sahəsinin necə inkişaf etdiyinin şahidi olarıq. Ən çətin sahələrdən biri, təbii ki, dilin orfoqrafiya və orfofoniya normalarını əks etdirən lüğətlərin hazırlanmasıdır. Azərbaycanda orfoqrafiya lüğətinin hazırlanmasına ötən əsrin 40-cı illərindən başlanmış və sonralar bu lüğət bir neçə dəfə təkmilləşmiş şəkildə çap olunaraq oxucuların istifadəsinə verilmişdir. Axırıncı dəfə bu lüğət 2014-cü ildə çapdan çıxsa da, onun hazırlanıb nəşriyyata verilməsi bundan bir neçə il əvvəl olmuşdur. Həmin lüğətdə bəzi yeniliklər nəzərə alınsa da (məsələn, kompüter, meyil, feil, şeir və s. kimi sözlərin yeni variantda verilməsi), avtoritar lüğət olduğundan onda bir sıra məsələlərin həllində dilimizin müasir səviyyəsi öz əksini tapmayıb. Burada Azərbaycan dilinin orfofoniya lüğəti haqqında da söhbət açmaq yerinə düşərdi. Bu lüğət bir neçə dilçidən ibarət qrup tərəfindən fonetik əsaslara söykənərək işlənib hazırlanmışdır və yəqin ki, yaxın vaxtlarda işıq üzü görəcəkdir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, leksikoqrafiya və leksikologiya elmlərində son illərdə əldə olunmuş nəzəri və praktik bilgilər lüğətlərin tərtibində leksik- semanmtik sahələr, semantik əlamətlər və ya semlər, habelə prototip nəzəriyyələrinin işığında dilin leksik səviyyəsində sistemliliyin tədqiqinə yeni təkan verərdi.
3. Tətbiqi dilçiliyin qarşısında duran aktual məsələlərdən biri də transliterasiyadır. Dünya xalqlarının şəxs, yer, dağ, dərə, məhsul və s. adlarının başqa dillərdə adekvat verilməsi ciddi elmi problemdir. Burada elmi cəhətdən iki yol vardır: a) Sözün yazıldığı kimi başqa dildə verilməsi; b) sözün deyildiyi kimi verilməsi. Bunların hər ikisi ciddi mübahisə mövzusudur. Birinci fikrin tərəfdarları iddia edirlər ki, hər bir ad etimon dildəki kimi saxlanılmalıdır. Belə olduqda biz “Reyters”, “Wien”, “München”, “Rain”, “London” və s. kimi sözləri etimon dillərdə yazıldığı kimi saxlamalıyıq, hərçənd ki, onlar başqa cür səslənir. Ancaq bu, problemin həllindən qaçmaq deməkdir. Şübhəsiz, bu yol daha asan başa gələn yoldur. Ancaq təsəvvür edək ki, biz Şekspir sözünü ingilis dilində olduğu kimi, yəni “Shakespeare” yazsaq, onu heç kəs oxuyub eyniləşdirə bilməz. Bizim ölkəmizin adının almanca “Azerbaidschan” kimi verilməsi qəti düzgün deyildir. İkinci yerdə gələn qrafem alman dilində /ts/ səsini bildirir. “dsch”qrafem birləşməsi isə bu dilin orfoqrafik qaydasına görə /dʃ/ affrikartını verir ki, alman dilində belə bir affrikat yoxdur. Bunun əvəzinə “Asärbaidshan“ yazılsa, bu, elmi cəhətdən düzgün və əsaslandırılmış olar. Məsələ burasındadır ki, almanlar sadəcə olaraq vaxtilə rus qrafikasına əsaslanaraq bu sözü götürüblər və indi ənənəni qırmaq istəmirlər. Başqa dillərdən dilimizə keçən sözləri də diqqətdən kənarda saxlamaq olmaz. Məsələn, alman şairləri Y.V.Qöte, H. Hayne və s. dilimizə təhrif olunaraq “Höte” və “Heyne” kimi transliterasiya olunur. Belə misallardan çox gətirmək olar. İkinci yol, yəni sözün etimon dildə deyildiyi verilməsi daha məqsədə uyğun sayıla bilər. Fikrimizcə, bu deyilənlər də məsələnin mahiyyətini başa düşməkdə bizə köməklik edər.
3.Tətbiqi dilçiliyin ən vacib sahələrindən biri də tərcümə problemidir. Bizim ölkədə tərcümə işinə çoxdan başlanılıb. Bir zamanlar tərcüməni əsasən rus dilindən edirdik. Bu da tərcümənin keyfiyyətinə təsir göstərməyə bilməzdi. Müstəqillik illərindən sonra bizdə bədii ədəbiyyat nümunələrinin orijinaldan tərcüməsi geniş vüsət aldı. Eyni zamanda bu dövrdə sahə ədəbiyyatının, xüsusilə dünya dilçiliyinin şedevr əsərlərinin orijinaldan tərcüməsi buna nümunə ola bilər. Tərcümənin iki növü də tətbiqi dilçilik problemi kimi ciddi maraq kəsb edir. Bunlar sinxron və ardıcıl tərcümələrdir. Sinxron tərcümənin həyata keçirilməsi üçün xüsus qurğuların olması vacibdir. Bu zaman məruzəçi öz çıxışını edir, xüsusi kabinələrdə oturmuş peşəkar tərcüməçilər isə məruzəni eyni vaxtda tərcümə edərək ötürücülər vasitəsilə zala ötürürlər. İştirakçılar da, qulaqcıqların köməyilə məruzəçinin çıxışını öz dillərində dinləyə bilirlər. Artıq bu gün belə tərcümə qurğuları Azərbaycanın ayrı-ayrı qurumlarında yerləşdirilmişdir. Digər növ tərcümə isə ardıcıl tərcümədir. Məruzəçi xarici dildə öz çıxışını başlayır, yanındakı tərcüməçi isə onun mətnini hissə-hissə tərcümə edir. Burada ardıcıl tərcümə zamanı cümləbəcümlə tərcümədən başqa bir də əsas fikirlərin şərhi də mümkündür. İstənilən halda tərcüməçi həm tərcümə dilini, həm də orijinalın dilini yaxşı bilməlidir. Uzun illərdir ki, mütəxəssislər avtomatik tərcüməni reallaşdırmaq arzusunda olsalar da, bu sahədə hələlik ciddi bir nəticə əldə olunmayıb, çünki burada proqram və texniki təminatla yanaşı linqvistik təminat da olmalıdır. Dünyada hazırda bu sahədə iri mərkəzlər fəaliyyət göstərir, amma nəticə hələ də qaneedici deyildir.
4.Tətbiqi dilçiliyin digər qollarını dil və təhsil, dilin əmək fəaliyyətində və hüquqi sahədə yeri və rolu, nəhayət, dilin informasiya, KİV-də və reklamlarda işlənməsi problemi təşkil edir. Bunlardan birincisinin üzərində bir qədər sonra dayanacağıq, hələlik isə digər iki sahəni burada ətraflı araşdırmaq lazımdır. İlk növbədə iş yerində hansı dildə danışmağın və dil seçiminin görülən işin keyfiyyətinə necə təsir göstərdiyini tədqiq etmək lazımdır. Bu gün Azərbaycanda xarici şirkətlərin hamısında işlək dil kimi ingilis dili çıxış edir. Əksər şirkətlərin rəhbərləri ingilis dilində danışdığı üçün əməkdaşların hamısı ingilis dilində ünsiyyətdə olur. Bu şirkətlərə işə qəbul edəndə 3 şərt irəli sürülür: iddiaçı 30 yaşından yuxarı olmamalı, kompüteri və ingilis dilini mükəmməl bilməlidir. Bundan başqa şirkətlər məlumatları və hesabatları əksərən ingilis və bəzən də rus dillərində yazırlar. Bu bizim Respublikada sövet dönəmindən qalma ənənədir. Sovetlərin vaxtında müəssisə rəhbərləri və məmurlar rusca danışdıqları üçün bütün əmək kollektivləri də bu dildə danışmağı üstün tuturdu. Bu gün, xüsusilə hüquq sahəsində sənədləşmədə və ya yazışmalarda rus dilinin təsiri açıq-aydın hiss olunur. Bu sahənin adamları tele- və radioverilişlərində çıxış edəndə bunun şaghidi oluruq: tərəfimizdən tədbir görüldü və ya filankəs saxlanıldı, cənab nazirə məruzə edildi, cənab nazir bizi hər zaman dinləyir və s. və i.a. Buradakı söyləmlərdə “tərəfimizdən”, “məruzə” sözü yerində deyil, rəhbər şəxsə birbaşa müraciət etməyəndə “cənab” sözü işlənməz və s. Eyni zamanda qeyd etmək lazımdır ki, müstəqil dövlət olmağımıza baxmayaraq, ölkəmizdə yaranan qurum adları və onların adlarını bildirən qısaltmalar dilimizdə yaranmır. Məsələn, götürək “SOCAR “ və “AZAL” qısaltmalarını. Birincisi, ingilis sözlərinin (“State Oil Company of Azerbaican Republic”-Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) baş hərflərindən yaranıb. “AZAL” müstəqilliyimizin ilk illərində rus dilindəki “Aзербайджанская Авиалиня» söz birləşməsindən düzəlmişdir. O zaman rus təsirindən hələ tam xilas olmamışdıq. Biz bu gün bunları müvafiq olaraq ARDNŞ və “Azərbhavayol” kimi də düzəldib işlədə bilərdik. Dilimizin işlənməsində təəccüb doğuran digər hal odur ki, ingilis dilində tərcümə ədəbiyyatında isimlər böyük yazılır və ya Prezident Sərəncamlarında sadalamalarda rəqəm və nöqtədən sonra kiçik hərflə yazma adi hala çevrilmişdir. Bu gün hüquq sahəsində Azərbaycan dilinə cinayət ekspertizasında daha çox təsadüf olunur, bu da kriminal aləmdə şəxsiyyətin tanınması, müəllif hüququnun təyin edilməsi üçün vacibdir. Məsələn, bir neçə vaxt bundan öncə bir nəfər Amerikanın Azərbaycandakı səfirliyinə telefonla zəng edərək terror aktından xəbər vermişdi. Səfirlik zəngin yalançı olduğunu bilsə də, mütəxəssis dəvət edib səs yazısına görə zəng edənin şəxsiyyətini öyrənə bilmişdi. Belə işlər Azərbaycanda Məhkəmə-ekspertizası institutunda tez-tez olur. Tətbiqi dilçiliyin ən maraqlı sahələrindən biri dilin KİV-də, tele-radioverilişlərində və reklamlarda işlənməsi və informasiya kanallarının, portalların və saytların dililə bağlıdır.