Fəxrəddin Veysəlli
filologiya üzrə elmlər doktoru, professor
Planetimizin dil mənzərəsi rəqəmlərin dililə
Bu gün dünyanın dil mənzərəsi rəngarəng və zəngin olsa da, hərtərəfli qloballaşma bu mənzərəyə çox ciddi təsir göstərir. Planetimizdə mütəxəssislərin 2001-ci ildə qeydə aldığı 200 BMT üzvü – dövlətin ərazilərində mövcud olan 6417 dildən hər il bir çoxu ölüb aradan çıxır.
Alman alimi H.Haarmanın fikrincə, XXI əsrdə hazırkı dünya dillərinin 40 % aradan çıxacaq. 2008-ci ildə Alman Dili Cəmiyyəti “Almanlar öz dilləri və xarici dillər haqqında nə düşünürlər?” mövzusunda sorğu keçirib. Söhbət Avropa İttifaqında işlənən dillərdən gedir. Sorğunun nəticələri çox maraqlıdır. Sorğuda iştirak edənlərin 13 % -i Avropada vahid dil olmasına səs verib, ondan 11 %-i ingilis, 2 %-i isə alman dilini seçib. Resipientlərin 9 %-i seçim edə bilməyib. Deməli, sorğuda iştirak edənlərin 78 %-i Avropada dillərin saxlanılmasına səs verib. Sorğuda iştirak edənlərin təxminən ¼ -i Avropada vahid dilin – ingilis dilinin xeyrinə səs vermişdir. Bu meyil günü-gündən güclənməkdədir. Sorğunu keçirən Cəmiyyət həyəcan təbili çalır ki, alman dili bu gün Avropada sıxışdırılaraq bir dialektə çevrilir, ya da ölüb getmək yolundadır.
Qeyd etmək yerinə düşər ki, dillərlə bağlı gələcək haqqında dəqiq öncəgörmə vermək o qədər də asan deyildir. Uzun müddətdir ki, dünyada təkdilliliyə meyil güclənməkdədir. Bu gün Azərbaycan dililə bağlı belə bir sorğu keçirtmək maraqlı olardı. Təbii ki, müstəqillik əldə etdikdən sonra dilimizin mövqeyi xeyli möhkəmlənmişdir. İndi radio dalğalarında, televiziya kanallarında, Beynəlxalq tədbirlərdə dilimiz daha möhtəşəm görünür və daha geniş auditoriyanı əhatə edir. Ancaq bununla belə metropoliyamızda tez-tez başqa dillərin işləndiyinin də şahidi oluruq. Bu yaxınlarda ölkəmizə yenicə təyin olunmuş ABŞ səfiri etibarnaməsini təqdim edəndə, mətbuatın verdiyi xəbərə görə, azərbaycanca danışmışdır. Bu, dilimizin nüfuzunun durmadan artmasına dəlalət edir. Ancaq bizdə geniş sorğuları və kitab çapının miqdarını göstərən konkret rəqəmlər olmadığı üçün dilimizin işlənməsi və gələcəyilə bağlı sualları cavablandırmaq çətindir. Bu gün saysız media nümunələrinə, kiçik və böyük nəşriyyatların sayına nəzər yetirəndə və dünyada bizim dildə danışan əhalini təhlil edəndə Azərbaycan dilinin təxminən 20-22-ci yerləri bölüşdürməsi bizi sevindirməyə bilməz.
Dillərin mənzərəsi haqqında tam təsəvvür yaratmaq üçün vaxtilə planetimizdə vahid vaxt ölçüsünə keçmənin tarixinə baxsaq maraqlı nəticələrə gələrik. Azərbaycanla Nyu York arasında vaxt fərqi, məlum olduğu kimi, 9 saatdır. 1884-cü ildə Vaşinqtonda Beynəlxalq Meridian Konfransı dünyada 24 müxtəlif vaxt zonasını 15 uzunluq dərəcəsilə Qrinviç sıfır meridian əsasında qəbul etdi. Almaniya bundestaqı bu ölçünü hərbi mülahizələrə görə ləngitmədən qəbul etdi. Fransa isə bunu yalnız 1911-ci ildə Paris observatoriyasının müqavimətinə baxmayaraq qəbul etməyə məcbur oldu. Hindistan da yeni vaxt ölçüsünü – Qrinviç ölçüsünü qəbul etməli oldu, çünki gəmiçilikdə və dəmir yolunda artıq Beynəlxalq vaxt ölçüsü qəbul edilmişdi. Eyni sözləri təqvimin unifikasiyası barədə demək olar. Y.Sezarın vaxtından qalmış yulian təqvimi o qədər də münasib deyildi, çünki bu təqvimə görə il 11 dəqiqə uzanırdı. Yalnız XIII Qriqor uzun dartışmalardan sonra 1582-ci ildə təzə ilin başlanğıcını yanvarın 1-nə keçirtdi. Katolik ölkələr o saat bunu qəbul etdilər. O cümlədən protestant Almaniya 1700-cü ildə həmin sazişə qoşuldu. Ondan sonra Danimarka, Fərör adaları, İslandiya və Niderland da bu təqvimə qoşuldu. 1752-ci ildə Britaniya koloniyaları ilə birgə, 1753-cü ildə Finlandiya, İsveç, sonra Florensiya və Pisa yeni təqvimi qəbul etdi. Fransa (1793-1806) və İtaliya (1922-1943) aralardakı məsafəni çıxmaq şərtilə, Yaponiya 1872-ci ildə, Çin 1912-də, Rusiya 1918-də vahid unifikasiyalı poçt və dəmiryolu nəqliyyatı cədvəli ilə işləyir (buna görə də oktyabr inqilabının bayramı 8 noyabra düşür). Yuqaslaviya 1919, Rumıniya 1920, Yunanıstan 1923, Türkiyə 1927, Misir 1928-də bu təqvimə qoşulublar. O vaxtdan dünya xalqları vaxtı qarışıq salmadan öz işlərini görə bilirlər. Ölkə və ölkədən kənar hərəkətlər vahidlik prinsipinə əsaslanır. Eləcə də vahiddillilik dünyada və xalqların həyatında mühüm rol oynayır.
İndi dünyada vahid dilə qarşı çıxan ölkələrdə çoxlu tədbirlər görülür, simpozium və konfranslar keçirilir, qalaq-qalaq tezislər və məruzələr çap olunur, hamı bir ağızdan milli dilin təmizliyindən, qorunmasından danışır. Bu kontekstdə konservativ və liberal mövqelər toqquşur, ingilis dilinin dilləri sıxışdırmasından qorunmaq üçün tədbirlər planı hazırlanır. Ancaq bütün bunların fonunda ingilis dilinin bir addım da geri çəkilmək niyyəti görünmür. Dilin yox olması ilə ölkənin, xalqın yox olması gündəmə gəlir. Yuxarıda göstərdiyimiz kimi, Almaniyada təkdillilik xoşbəxtliyinə inananlar isə hələlik 13 % təşkil edir. Başqa ölkələrdə vəziyyətin necə olmasını araşdıran sorğular aparılmadığından ümumi nəticə çıxartmaq çətindir. Digər tərəfdən, təkdillilik ölkənin vüqarına, insanların heysiyyətinə toxunur.
XIX əsrdə başlanan qloballaşma (dəmir yolunda, poçtda, gəmiçilikdə, təqvimdə və s.) həm də nasionalizmin çiçəklənməsi üçün yol açdı. Millətin bir kökdən törəməsi doktrinası hakim ideologiyaya çevrilsə də, onun reallaşması dil müxtəlifliyi ucbatından uğur qazanmadı. Dünya nəinki vahid oldu, həm də narsis sayağı özünə vurulanların əlində parçalandı. Latın və fransız dillərinə söykənən humanizm və kosmopolitizmlə səciyyələnən maarifçilik əvəzinə hər xalqın özünəməxsus qüvvəsi ilə birliyə çağıran romantika gəldi. Bu da hər xalqın dilinin çiçəklənməsi üçün geniş yollar açırdı. Kim xalqın dilinin böyüklüyünə qarşı çıxış edirdisə, o həmin xalqın qəzəbinə düçar olurdu. “Dili məhv olan xalq məhvə doğru gedir” şüarı o vaxt çoxlarının əqlinə hakim kəsilmişdi. Təbii ki, ünsiyyət olmayan yerdə ölkə müstəqil ola bilməz. Ancaq müasir dövrdə bu prinsip işləmir. Dünyada o qədər insanlar var ki, onlar öz soyköklərindən ayrı düşüblər. Bugünkü milli dövlət anlayışı daha çox respublika layihəsinə oxşayır. Son illərdə ABŞ-da gedən proseslər bunu açıq-aydın göstərir. Orada, elə dünyanın bir çox yerlərində də, yalnız ana dilindən istifadə edən milli dövlət tapmaq çətindir. Azərbaycanda bu gün ən azından 10-15 dildə danışılır, Almaniyada bu, 100-ə bərabərdir. Yəqin ki, bu gün ata yurdu, ana dili anlayışları köhnəlib. Çoxdillilik bu gün normaya çevrilib. Bu gün milli eynilikdən daha çox Avropa eyniliyindən danışmaq düzgün olardı. Avropa Birliyi bir və ya ikidilliliklə (ingilis və fransız dilləri) vahid şəkildə nə vaxta qədər dözə biləcək? İngilislər bu mənada qayğısız görünürlər. Onsuz da onların dili dominantlıq təşkil edir.
Almaniya 100 milyonluq alman dilində danışanların hüququnu qorumağa çalışır. Almanlar tez-tez müxtəlif yollarla AŞPA-da məsələ qaldırmağa çalışırlar ki, alman dili bu qurumda işlək dil olsun. 23 fevral 2013-cü ildə “Avropa: etimadı yeniləməli” adlı çıxışında AFR prezidenti Y.Qauk Avropada dil siyasətinə də toxunaraq demişdir: “Düzdür, gənc nəsil onsuz da ingilis dililə Lingua franca kimi böyüyür. Amma mən düşünürəm ki, dildə inteqrasiyanı hadisələrin gedişinin ixtiyarına buraxa bilmərik. Daha çox Avropa sadəcə elita üçün çoxdillilik olmamalı, daha çox əhali qrupları, daha çox insanlar üçün, nəhayət hamı üçün olmalıdır. Mən inanıram ki, Avropada hər ikisi yanbayan gedə bilər: ana dilində vətəndə və poeziyada olmaq və bütün həyatda və bütün yaşlar üçün praktik ingilis dili” (Sprachnachrichten, N: 57, s.5). Prezidentin bu çıxışı çox ciddi mübahisələrə səbəb oldu, çünki Avropada dil siyasəti düzgün aparılmır, ingilis və fransız dilləri dominantlıq təşkil edir ki, bu da almanları razı sala bilməz. İngilis alimi D.Kristal “İngilis dili qlobal dil kimi” əsərində (2002, s. 57-60) yazır ki, dünyanın 70-dən çox ölkəsində ingilis dili rəsmi dil statusu qazanıb. Həmin müəllifə görə dünya əhalisinin 2 milyardan çoxu ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan 1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ondan ikinci dil kimi istifadə edir. İngilis dilindən xarici dil kimi istifadə edənləri də buraya əlavə etsək görərik ki, dünya əhalisinin yarısı ingilis dilində danışır.
Biz 2007-ci ildə çap etdirdiyimiz “Dil” kitabımızda planetimizin dil mənzərəsini açıb göstərməyə cəhd göstərmişik. YUNESKO-nun “Dünya dilləri təhlükədə” atlasında təxminən 2500 dildən danışılır. Yuxarıda verdiyimiz rəqəmlə bu rəqəm arasında fərq bəzən bu və ya digər dilin müstəqil olması və ya hansısa dilin dialekti olması ilə izah oluna bilər. Hindistanda 1971-ci il məlumatına görə 1652 dil qeydə alınmışdısa, 20 il sonra bu 418 dil oldu. Burada adlandırma da mühüm rol oynayır. 6000-dən artıq dilin bu gün 4000 adı var. Avropada ingilis, fransız, ispan, alman və s. dillər çoxmilyonlu xalqların dilləridir. Ancaq dünyada əksər dillərdə minlərlə adam danışır. Dünyada yalnız 300 dili milyonluq dil adlandıra bilərik. Papua Nigeriyasında 1996-cı ildə 4 milyon əhali 3 rəsmi dildən istifadə edirdi (ingilis, Tok Pisin və Motu). Ancaq bu ölkədə ümumilikdə 826 kiçik və xırda dil var. Onlardan bəzisində 900-1000, 800-900 adam danışır, bəzən 10 və bir qədər də az (alman alimi H.Haarman 5 belə dil adı çəkir) adam danışır. Dillərdən 9-u ölüb getmiş dildir. Dillər qəbiristanlığı adlandırılan Avstraliyada 10 və daha az adamın danışdığı 105 dil qeydə alınıb. 32 dildə isə bircə nəfər danışan qalıb. H. Haarmana görə XXI əsrdə dillərin 40 %-i öləcək.Bunların da arasında hərəsində bir və ya 10 nəfərin danışdığı dil olacaq ki, bu dillərdə həmin insanlar öz nənə - babaları ilə ünsiyyətə girə bilirlər. Bəzi dillər, məsələn, sanskrit və həbəş (İzraildəki ivrit dilinin əcdadı) yalnız filmlərdə qalmışdır.
İmperiyaların çökməsi dil siyasətinə güclü təsir göstərir. Keçmiş sovetlər birliyində 1971-ci ildə ölkə əhalisinin 42 %-i, 61,2 milyon rus dilini ikinci ana dili hesab edirdi. Hətta rus dilinin birinci rəsmi dil olduğu Kazaxstan kimi ölkələrdə indi vəziyyət tamam dəyişmişdir.
Qloballaşma vahidlik üçün mühüm amildir. Bu qloballaşma ingilis dilini dünya dili statusuna qaldırdı. Ancaq qloballaşma əks təsir də göstərir. Xırda xalqlar heysiyyət məsələsini ortalığa ataraq milli məhdudiyyəti hər cür əsaslandırmağa, dili milli kimliyin simvoluna çevirirlər. Bu hətta yeni dillərin meydana gəlməsinə səbəb olur. Yuqasloviya dağılanda uzun müddət müvafiq olaraq kiril və latın əlifbasında yamış serblər və xorvatlar tam ayrılaraq iki dil əmələ gətirdilər. XIX əsrdə olduğu kimi, indi də dil vətənlə ana dilini vəhdətdə götürür. Həmin elə Yuqoslaviya ərazisi olan Kosovoda serb dili dominant idi. Hazırda isə alban dili müstəqilliyin rəmzinə çevrilmişdir. Bəzi hallarda dil siyasi alət kimi xalqları əzmək, tabe etmək funksiyası daşıyırdı, məsələn, keçmiş sovetlər birliyində. Bəzi hallarda isə, dil təzyiq vasitəsi olmur. Məsələn, Avstraliyada aborigenlərin dilləri məktəbdə tədris olunur. Finlandiyanın Laplandiya bölgəsində 2400 adamın danışdığı dil universitetdə öyrənilə bilər. İsveçrədə latın mənşəli retoroman dili 1938-ci ildən ölkənin 4-cü rəsmi dili kimi tanındı.
Qeyd edək ki, dil müxtəlifliyi hələ uzun müddət planetimizin canlı mənzərəsini nümayiş etdirəcək. Ancaq o da düzdür ki, dünya əhalisi hazırda təkdilliliyə doğru inamla nirəliləyir. Digər tərəfdən, dil milli kimliyin, yerli mədəniyyətin təcəssümü kimi sosial davranışı və yaradıcılığı idarə edir. 2012-ci ildə Bakıda keçirilən mahnı yarışmasında (Avrovijində) hər iki meyil aydın nəzərə çarpırdı. Birinci yeri ingiliscə oxuyan İsveç nümayəndəsi tutdu. İkinci yeri isə Udmurtiyanın Buranov vilayətindən olan nənələr nəinki ölüb getməkdə olan fin-uqor dilində danışırdılar, hətta öz mahnıları ilə yaxşı reklam elədilər. O zaman 120 milyon insan hadisələri ekranlarda izlədilər. Nəticədə birinci meqameyil-təkdillik üstünlük qazandı. Ancaq eyni zamanda ikinci meqameyil, yəni qlobal dildə səslənməyən mahnı ikinci yerə çıxdə. Deməli, unikal, ekzotik dillərlə (məsələn, balkanlarda 143 dil qeydə alınıb ki, onların çoxunun adını bilmirik) vahid mövqe qazanan qlobal ingilis dili arasındakı dilemmanı həll etmək o qədər də asan deyildir. Avropada böyük dillərin əksəriyyəti XIX əsrdə geniş tədqiq olunaraq genetik cəhətdən qohumluğu müəyyən edildi və onların ümumi adı hind-Avropa dilləri adlanır (almanlar, adətən, bu dilləri hind-german dilləri adlandırırlar). Dilçilik elminin qənaətinə görə bu dillərin daşıyıcıları tarixə iki çay arasından (İraq) çıxmaqla Şimala-Avropaya və Cənuba –Hindistana səpələnmişlər. Əvvəlki dövrlərdəki kimi Avropa dilçiliyi sözləri semantik və formal cəhətdən müqayisə edərək (məsələn, almanca “drei”, ingiliscə “three”, fransızca “trois”, rusca “tri” və s.) etimoloji axtarışlarla məşğul olmayır, İndi dilçiliyi dillərin mənşəyi yox, onların qarşılıqlı təsiri və gələcək perspektivi maraqlandırır və Avropada “avroş” ümumi dilinin gələcəyilə bağlı proqnozlar verir. Avropada müəyyən mənada dilin homogen olmasından danışmaq olar. Ancaq bununla yanaşı bu gün Avropanın istənilən ölkəsində, o cümlədən Almaniyada, geniş miqrasiya dalğası dil müxtəlifliyini qaçılmaz edir. Azərbaycanda miqrasiya dalğası böyük olmasa da, ölkədə çoxdilliliyin şahidi oluruq. Bir tərəfdən ölkədə etniklərin dilləri (lahıc, tat, ləzgi, rutul, avar, talış və s.), digər tərəfdən, müstəqillik nəticəsində ölkəmizin dünya xalqları və mədəniyyətlərilə mədəni, siyasi, ticari, iqtisadi və s. sahələrdə intensiv əlaqələr yaratması multikulturalizmin və multudilliliyin genişlənməsinə gətirib çıxardı. Bizim ölkədə miqrantların sayı ilə dəqiq statistik məlumat yoxdu. Ancaq alman hökuməti 2011-ci ilin sonlarında verdiyi rəsmi statistikaya görə, orada 15,3 milyon miqrant olub. Onların 6,7 milyonu alman vətəndaşlığı olmayan “əcnəbi”lərdir ki, öz dillərini yaşatmaqla bərabər alman dilini öyrənir və bu dildə danışırlar. Təxminən 2,5-3 milyon türk, azərbaycanlı və digər türkdillilər və qafqazlılar Almaniyada yaşayıb yaradırlar. Keçmiş Yuqoslaviyadan gələnlər də öz dillərini (xorvat, serb, alban və s.) qoruyub saxlamağa çalışırlar. Mərakeşlilər, tunislilər, berberlər və s. ərəb dilində danışır. Bolqarlar, çexlər, ruslar, slovaklar, ukraynalılar, beloruslar slavyan mədəniyyətinin daşıyıcılarıdır. Buraya Şimali Avropadan (estonlar, finlər, litovlar, latışlar), Yaxın Şərqdən (livanlı, misirli, iraqlı, yordaniyalı, fələstinliləri, farsları, əfqanları, pakistanlıları, çinliləri, vyetnamlıları, yaponları, koreyalıları, filippinliləri, tailandlıları, israilliləri, kanadalıları, norveçliləri, isveçrəliləri, amerikanlıları və s.-ni əlavə etsək, burada dil mənzərəsinin rəngarəngliyinin nə qədər böyük olduğunun şahidi olarıq. Son məlumatlara görə AFR-də 140-dan artıq ölkədən insanlar gəlib yaşayırlar. Almaniya dünyada ən böyük sayda miqrantlar olan ölkədir. Təbiidir ki, belə bir ölkədə çoxdillilik və vahiddillilik problemi həmişə cəmiyyəti maraqlandırır.
Beləliklə, görürük ki, planetimizin dil mənzərəsi həddindən artıq rəngarəngdir və bu gün dillərin qarşılıqlı təsirini öyrənmək sosiodilçiliyin mühüm vəzifələrindəndir.
|